Türkiyənin cənubunda kömür şaxtasında qəza baş verib, 20 nəfər işçi torpaq altında qalıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, Karaman əyalətindəki şaxtada buxar qazanı partlayıb və bu, torpaq örtüyünü uçuraraq, şaxtanın dolmasına səbəb olub.
Torpaq altında 20 nəfər qalıb, daha 20 insan xilas edilib.
Hadisə yerinə təcili yardım karetaları və xilasedicilər gəliblər, NTV telekanalı xəbər verir.
“Qəza zamanı yerin altında 40 nəfər olub. İndi orda 20 nəfər qalıb, qalanları çıxa biliblər”, - deyə, hadisə yerinə gəlmiş Karaman qubernatoru Murat Koç bildirib.
Bildirilir ki, Türkiyənin energetika naziri Taner Yıldız və nəqliyyat naziri Lütfi Əlvan da hadisə yerinə yola düşüblər.
Qeyd edək ki, Türkiyənin tarixində kömür şaxtasında ən böyük qəza 13 may 2014-cü ildə, Manisa əyalətinin Soma şəhərində baş verib. O zaman yerin altında 787 nəfər qalmışdı və onlardan 302 nəfəri həlak olmuşdu.
A.İ.
www.oxu.az