Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyədə silahlı hücum: Vəzifəli şəxs və sürücüsü qətlə yetirildi
Türkiyənin Kırıkkale şəhərinin Balışeyh rayonunun bələdiyyə sədri Hilmi Şenə qarşı silahlı hücum həyata keçirərək qətlə yetirən şəxsin kimliyi məlum olub.
Bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.
Məlumata görə, bələdiyyə sədrinə hücum edən şəxs Hilmi Şenin qardaşı oğlu Erdem Şen olub.
Kırıkkale valisi Mehmet Makas xəstəxana qarşısında mətbuata verdiyi açıqlamada hadisə barədə danışıb.
Onun sözlərinə görə, bələdiyyə sədri səhər saat 10:00-da avtomobillə tikinti sahəsinə gedərkən cinayətkar tərəfindən qarşısı kəsilib.
"Əvvəlcə mübahisə düşüb və daha sonra silahlı davaya çevrilib. 5 yaralını xəstəxanaya çatdırdıq. Onlardan ağır yaralı olaraq gətirilən bələdiyyə sədri Hilmi Şen və sürücüsü kimi yanında işləyən dostumuz Mikail bütün müdaxilələrə baxmayaraq, həyatlarını itirdilər. Digər 3 yaralının isə müalicələri davam etdirilir, həyati təhlükələri yoxdur. Cinayətkar əlimizdədir, rayon polis idarəsi tərəfindən saxlanılıb və istintaq başlanılıb", - deyə o, qeyd edib.
Cinayətkar Erdem Şen ilk ifadəsində bələdiyyə sədri Hilmi Şenin onu işə götürəcəyinə söz verdiyini və sözünü yerinə yetirmədiyini, bu səbəbdən də hücumu həyata keçirdiyini bildirib. Hadisə ilə bağlı istintaq davam edir.
Türkiyənin Kırıkkale şəhərinin Balışeyh rayonunun bələdiyyə sədri Hilmi Şenə qarşı silahlı hücum olub.
Bu barədə Oxu.Az Haber Globala istinadən xəbər verir.
Məlumata görə, xəstəxanaya aparılan Hilmi Şenin və sürücüsü Mikail Çelikkolun həyatını bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb və onlar dünyasını dəyişiblər.
Bildirilir ki, "TOKİ binaları" ərazisində baş verən silahlı hücumda daha 3 nəfər yaralanıb. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıblar.
Hadisədə şübhəli bilinən şəxs polis qrupları tərəfindən saxlanılıb.
Yenidən Rifah Partiyası Gənclər Qolunun sədri Melih Güner Hilmi Şenin ölümü ilə bağlı paylaşım edib.
"Partiyamızdan bələdiyyə sədri seçildikdən sonra istefa verən Hilmi Şenin bu gün silahlı mübahisə nəticəsində həyatını itirdiyini kədər hissi ilə öyrəndik. Allahdan Hilmi Şenə rəhmət, yaxınlarına başsağlığı diləyirəm. Məkanı cənnət olsun", - deyə o, paylaşımda bildirib.
Qeyd edək ki, 31 mart 2024-cü ildə keçirilən yerli seçkidə Yenidən Rifah Partiyasından bələdiyyə sədri seçilən Hilmi Şen iyul ayında partiyasından istefa vermişdi.
Rəylər