Türkiyə Silahlı Qüvvələri Kayseridə törədilən partlayışla bağlı açıqlama yayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 13 hərbçi ölüb, 48-i yaralanıb.
Mülki şəxslər arasında da yaralıların olduğu bildirilir.
12:34
Türkiyədə Kayseri Erciyes Universitetinin kampusunun qarşısında hərbçiləri daşıyan avtobusun partladılması nəticəsində 9 nəfər şəhid olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseri şəhərindən olan millət vəkili İsmayıl Tamer “A Haber” telekanalına açıqlamasında bildirib.
Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Yusif Halaçoğlu isə “CNN Türk”ə deyib ki, terror aktı bomba yüklənmiş “Şahin” markalı avtomobil vasitəsilə həyata keçirilib.
AKP-nin Kayseridən olan digər millət vəkili Sami Dədəoğlu yaralıların sayının 15-20 nəfərə yaxın olduğunu söyləyib.
Yaralılar Erciyes Universitetinin tibb fakültəsinin xəstəxanasına və şəhərdəki digər səhiyyə müəssisələrinə yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım müvafiq qurumların rəhbərlərindən hadisə ilə bağlı ətraflı məlumat alıblar.
11:09
Kayseridə baş verən partlayışın terror aktı olduğu müəyyənləşib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, partlayıcı qurğu quraşdırılmış avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırpılıb və partlayış baş verib.
Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.
10:28
Türkiyədə universitetlərdən birinin şəhərciyində partlayış olub.
Oxu.Az “Report”-a istinadən xəbəbr verir ki, partlayış bu gün səhər saatlarında Kayseri Erciyes Universitetinin kampusunun qarşısında qeydə alınıb.
Məlumata görə, partlayış sərnişin avtobusunda olub, ölən və yaralılar var.
Hadisə şahidlərinin verdiyi məlumata görə, partlayış sərnişin avtobusuna yaxınlaşan avtomobildə baş verib.
Hadisə yerinə təcili yardım və yanğınsöndürən maşınları göndərilib.
E.Ə.
www.oxu.az