Türkiyənin Gümüşhane Universitetinin rektorluğu psixoloji problemləri olduğu iddia edilən əməkdaşın digər qadın işçini silahla girov götürməsi ilə bağlı açıqlama verib.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Hadisə zamanı ölən və ya yaralananların olmadığı bildirilib.
"Bu gün universitetimizdə baş verən və hamımızı dərindən kədərləndirən hadisəni, işçilərimizdən birinin digər bir işçini girov götürməsi barədə məlumatı ictimaiyyətlə bölüşmək zərurəti yarandı. Universitetimizin təhlükəsizlik bölmələri və hüquq-mühafizə orqanları tez bir zamanda hadisəyə müdaxilə etdilər. Hadisə nəzarət altına alınıb. Ölən və ya yaralanan olmayıb. Təhlükəsizlik səbəbi ilə universitetimizin giriş və çıxışları nəzarətdə saxlanılır. Universitetimiz istər tələbələrimizin, istərsə də akademik və inzibati personalımızın təhlükəsizliyi üçün bütün tədbirləri qətiyyətlə həyata keçirməyə davam edir. Bu cür kədərləndirən hadisələrin bir daha baş verməməsi üçün lazımi inzibati və hüquqi proseslərə başlanılıb. Gümüşhane Universiteti olaraq, ictimaiyyətin doğru məlumatlandırılması üçün prosesi şəffaf şəkildə izləyirik və hər kəsə keçmiş olsun diləklərimizi çatdırırıq", - deyə açıqlamada qeyd edilib.
Türkiyənin Gümüşhane Universitetinin bir əməkdaşı silahla başqa bir işçini girov götürüb.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, Gümüşhane Universitetinin Bağlarbaşı məhəlləsindəki əsas kampusunda yerləşən Mühəndislik və təbiət elmləri fakültəsinin əməkdaşı və uzman çavuş rütbəsində xidmət etmiş kişi eyni fakültədə çalışan qadın məmuru silahla girov götürüb. Onun hərəkətinin səbəbi hələlik məlum deyil.
Hadisə yerinə çox sayda xüsusi əməliyyat polisi əməkdaşı cəlb edilib. Məktəbin ətrafındakı ərazi boşaldılıb və damlarda snayperlər yerləşdirilib. Həm kampus ərazisinə, həm də fakültəyə giriş-çıxışlar nəzarət altına alınıb. Polis girov götürən şəxsi fikrindən döndərmək üçün səylərini davam etdirir.