Yunanıstan hökuməti Türkiyədə saxlanılmış yunan sərhədçilərin tezliklə ölkəyə qaytarılacağına ümid edir.
Oxu.Az “Euronews”-a istinadən xəbər verir ki, Afinanın iddiasına görə cümə axşamı yunan hərbiçilər məhdud görmə şəraiti ilə əlaqədar səhvən Türkiyə sərhədini keçib.
Hal-hazırda hər iki sərhədçi Ədirnə şəhərindədir, Türkiyə tərəfinin məlumatına görə, hal-hazırda insidentin hüquqi aspektləri götür-qoy edilir. Qeyd olunur ki, belə hallar hər iki ölkə tərəfdən vaxtaşırı baş verdiyindən, kifayət qədər tez həllini tapır.
“İnsident səhv ucbatından baş verib. Əlverişsiz hava şəraiti ilə əlaqədar həmin rayonda 2 yunan zabiti həmişəki marşrutdan çıxıb və bir daha vurğulayıram ki, səhvən Türkiyə tərəfə keçib” deyə jurnalistlərə verdiyi açıqlamada Yunanıstan hökumət rəsmisi Dmitris Sanakopulos bildirib.
Yunan siyasi şərhçilər, sərhədçilərin “alver predmetinə” çevriləcəyindən ehtiyat edir. Belə ki, Afina uzun müddətdir ki, Ankaranın, FETO ilə əlaqələrinə görə axtarışda olan 8 türk hərbiçisinin Türkiyəyə qaytarılması tələbini təmin etmir.
F.M.
www.oxu.az