Türkmənistanda qanunsuz narkotik dövriyyəsinə görə məhkum edilmiş şəxslərin əfv edilməsini qadağan edən qanun çərşənbə axşamı qüvvəyə minib, yerli KİV bildirib.
Türkmən mətbuatında “Narkotik vasitələr, psixotrop maddələr, onların qanunsuz dövriyyəsinə qarşı tədbirlər barədə Türkmənistan Qanununa əlavə” haqqında prezident Qurbanqulu Berdiməhəmmədovun imzaladığı Türkmənistan Qanunu dərc edilib.
Qanuna “Qanunsuz narkotik, psixotrop maddələrin dövriyyəsinə görə mühakimə edilmiş şəxlərə əfv tətbiq edilməməsinə dair” norma əlavə edilib.
Antinarkotik qanunvericiliyin sərtləşdirilməsinə dair prezident Qurbanqulu Berdiməhəmmədov keçən ay fikir irəli sürmüşdü. O zaman hökumət iclasında video-əlaqə zamanı dövlət başçısı Məclisin sədri Akce Nurberdiyevaya qanunvericiliyə qanunsuz narkotik dövriyyəsində iştirak üçün məhkum edilmiş şəxslərə amnistiya tətbiq edilməsini qadağan edən normaların daxil edilməsini, eləcə də bu qəbildən olan cinayətlərə görə cəzaların sərtləşdirilməsi barədə sərəncam vermişdi.
Bu sahədə ekspertlər etiraf ediblər ki, regionun başqa ölkələrinə nisbətən Türkmənistanda narkotiklərlə vəziyyət daha yaxşıdır. Hələ 8-9 il bundan öncə Türkmənistanda narkotik əldə etmək elə də çətin deyildi. Hal-hazırda isə ölkədə opium və ya geroin əldə etmək çox çətindir.