Türkmənistan sakinləri pul çatışmazlığı səbəbindən qızıl-zinət əşyalarını satmağa başlayıblar.
Oxu.Az bununla bağlı “Azatlık” radiosuna istinadla xəbər verir.
“Bazarlarda satıcılarda sovet dövrünün qızıl-zinət əşyaları peyda olub. Pul çatışmazlığı səbəbindən insanlar bu yola əl atıblar.
Satılan əşyaların əksəriyyətinin tarixi 1980-cı ildən əvvələ aiddir. Onların rəngi nə sarı, nə də ağ deyil, onlar sarı-qırmızı rəngdədir”, - müxbir bildirib.
Türkmənistanda lombardlar yoxdur. Qızılı satıcıların özləri alır.
Yerli sakinlərin sözlərinə görə, ilk növbədə 585 və 583 problu qızıllar qiymətləndirilir.
Eyni zamanda, insanlar məişət texnikalarını və mal-qarasını satmaqla ərzaq ehtiyaclarını qarşılamağa çalışırlar.
Rəylər