Moskva Ukraynanın Rusiya və MDB dövlətləri ilə əməkdaşlığı inkişaf etdirmək qərarını alqışlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, “RİA Novosti” verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
“Biz, sözsüz ki, ən yaxın tərəfdaşımız olan Ukraynanın Rusiya ilə ticari-iqtisadi əməkdaşlığı təkmilləşdirmək və inkişaf etdirmək niyyətini alqışlayırıq”, - deyə Peskov jurnalistlərə bildirib.
Həbsdə olan sabiq baş nazir Yuliya Timoşenkonun liderlik etdiyi “Batkivşina” (Vətən) Partiyasının parlament fraksiyasının lideri Arseni Yasenyuk Ukrayna prezidenti Viktor Yanukoviçi və baş nazir Nikolay Azarovu dövlətə xəyanətdə ittiham edib.
Müxalifət hökumətin Avropa Birliyi ilə assosiasiya sazişi imzalamaqdan imtina barədə qərarına sərt reaksiya verib.
A.Yasenyuk parlamentdəki çıxışında V.Yanukoviç və N.Azarovun noyabrın 21-də Ali Radaya gəlmələrini tələb edib:
“İndicə Nazirlər Kabineti Ukraynanın avrointeqrasiya kursunun dayandırılması haqqında qanunsuz və Konstitusiyaya zidd qərar qəbul edib. Biz sabah səhər Azarovun və Yanukoviçin parlamentə gəlmələrini tələb edirik”.
“Batkivşina”nın tələbinə digər müxalifət fraksiyaları – “Svoboda” və UDAR da dəstək veriblər.
Qeyd edək ki, Avropa Birliyi Ukrayna hökumətinin Avropa Birliyi ilə assosiasiya haqqında sazişin bağlanmasına hazırlıq prosesinin dayandırılmasına dair qərarından məyus olduğunu bildirib.
Bu barədə Avropa diplomatiyasının rəhbəri Ketrin Eşton bəyan edib:
Biz düşünürük ki, bu qərardan tək Avropa Birliyi yox, Ukrayna xalqı da məyus olub.
“AB-nin öz hüdudlarından kənarda təklif etdiyi bu cür ambisiyalı sazişin imzalanması ilə Ukrayna gələcəkdə islahatlar kursunu möhkəmləndirəcəkdi və bütün dünyanın sərmayəçi və beynəlxalq maliyyə təsisatlarına özünün beynəlxalq bazarlarda necə etibarlı və ciddi tərəfdaş olduğunu bir daha nümayiş etdirəcəkdi”, - deyə Eşton qeyd edib.
Onun sözlərinə görə, saziş Ukraynanın Beynəlxalq Valyuta Fondu ilə yeni razılaşmanın əldə olunması ilə bağlı danışıqlarına təkan verəcəkdi və ölkəyə qoyulan xarici sərmayələrin həcmini artıracaqdı.
“Biz Ukraynanın gələcəyinin AB ilə sıx münasibətdə olacağına inanırıq və Ukrayna xalqı qarşısında üzərimizə götürdüyümüz və ona rifah gətirəcək öhdəliklərə sadiq qalırıq”, - deyə Eşton bildirib.