Ukrayna hökuməti 1 mart 2015-ci il tarixindən Rusiya vətəndaşlarına ölkəyə daxili pasportla girişi qadağan edən qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.
Baş nazir Arseni Yatsenyukun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin öncə vizasız rejimin ləğv olunmasını təklif edib.
“Nə deyək, biz onun xahişini eşitdik. İndi Rusiya vətəndaşları, Vladimir Putinin xahiş etdiyi kimi, yalnız xarici pasportlardan istifadə etməlidirlər”, - Yatsenyuk qeyd edib.
Onun sözlərinə görə, Rusiya vətəndaşlarının ölkəyə xarici pasportla daxil olması sərhəddə nəzarəti gücləndirməyə imkan verəcək.
1 yanvar 2015-ci il tarixindən etibarən Rusiyaya yalnız Gömrük İttifaqı və Vahid iqtisadi məkana daxil olan ölkələrin vətəndaşları xarici pasportsuz daxil ola bilir. Buna görə də Ukrayna vətəndaşları Rusiya sərhədini xarici pasportsuz keçmək imkanına malik deyil.