Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin görkəmli xadimlərinin yenidən dəfn edilməsinin planlaşdırıldığı Milli Panteonun yaradılması haqqında qanunu imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Milli Yaddaş İnstitutu öz saytında məlumat yayıb.
Məlumata görə, Zelenski avqustun 22-də, Ukraynanın Müstəqillik Günündən bir gün əvvəl "Ukrayna Milli Panteonu haqqında" qanunu imzalayıb.
İnstitutdan bildirilib ki, Milli Panteon yalnız qəbiristanlıq olmayacaq. Burada bir neçə onlarla şəxsin yenidən dəfn edilməsi, fəxri dəfn mərasimlərinin keçirilməsi, kenotafların yaradılması və Ukrayna xalqının görkəmli nümayəndələrinin müxtəlif formalarda anılması nəzərdə tutulur.
Həmçinin panteondan dövlət protokolu və mərasim tədbirlərinin keçirilməsi üçün istifadə ediləcək. O, qeyri-konfessional statusa malik olacaq, lakin dini ayinlərin keçirilməsinə icazə veriləcək.
Qeyd olunub ki, panteonda Ukrayna rəhbərlərinin, o cümlədən prezidentlərin (impiçment elan edilənlər istisna olmaqla), müxtəlif tarixi dövrlərdə Ukrayna ordusunun baş komandanlarının və digər görkəmli şəxslərin dəfn edilməsi və ya məzarlarının köçürülməsi mümkün olacaq.
Bununla yanaşı, ölümündən ən azı 20 il keçmiş şəxslərin qalıqları Milli Panteonda yenidən dəfn edilə bilər.