Luqansk (Ukraynada vilayət) separatçılarının tanınmış nümayəndəsi, “Prizrak” briqadasının komandiri Aleksey Mozqovoy naməlum kəşfiyyat-diversiya qrupunun təşkil etdiyi sui-qəsd nəticəsində həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə briqadanın informasiya dəstəsindən bildiriblər.
“Bu, martın 7-də Mozqovoya qarşı sui-qəsdin təşkil olunduğu yerdə baş verib. Luqansk və briqadanın olduğu Alçevsk şəhərləri arasında yolda pusqu qurulub, naməlum şəxslər Mozqovoyun mühafizə ilə getdiyi cipi atəşə tutublar. Mozqovoy yaralanıb və hadisə yerində həlak olub, onu müşayiət edənlər arasında yaralılar var”, - deyə, “Prizrak” briqadasının nümayəndəsi bildirib.
İnterfaks qeyd edir ki, Mozqovoyun olduğu avtomobil partlayıcı qurğu vasitəsilə partladıldıqdan sonra pulemyotlardan atəşə tutulub.
Martın 7-də təxminən elə eyni rayonda, Mixaylovka kəndinin girişində Mozqovoyun maşınını partlatmağa cəhd olmuşdu. O zaman kombriq yüngül yaralanmışdı.
Yanvarın 1-də isə oxşar şəraitdə Lutuqino kəndi yaxınlığında digər separatçı – “Betmen” çevik reaksiya qrupunun rəhbəri Aleksandr Bednov öldürülmüşdü.