Uruqvay prezidenti Tabare Vaskesin ciyərində bədxassəli şiş aşkarlanıb.
"RİA-Novosti"nin verdiyi xəbərə görə, prezident özü bu barədə jurnalistlərə danışıb.
O deyib: "Xalqa bildirirəm ki, tomoqrafik müayinə zamanı ciyərimdə bədxassəli şişin olduğu aşkarlanıb".
79 yaşlı prezident onu da qeyd edib ki, əlavə müayinə üçün bir, ya iki gün xəstəxanada qalmalı olacaq. O özünü yaxşı hiss etdiyini də vurğulayıb.
İlk prezidentlik müddətində (2005-2010-cu illər) Vaskes nəhəng anti-tütün kampaniyasına rəhbərlik edib. Hətta bu dövrdə ölkə ən böyük siqaret istehsalçısı olan "Philip Morris"ə qarşı məhkəmə davası da açıb. Statistik məlumatlara görə, 2005-ci ildən bu günədək Uruqvayda 294 mindən çox adam siqaretdən imtina edib.
Qeyd edək ki, oktyabrın 27-də ölkədə prezident seçkiləri keçiriləcək.