Sadəcə güzgüyə baxmaqla bəzi sağlamlıq problemlərini öncədən sezmək mümkündür.
Oxu.Az xəbər verir ki, rusiyalı terapevt Olqa Suxareva öz "Telegram" kanalında üzün görünüşünə əsasən bədəndəki bəzi nasazlıqları müəyyən etmək barədə məsləhətlərini paylaşıb.
Həkimin sözlərinə görə, məsələn, hipotireozu - qalxanvari vəz hormonunun ifrazının azalmasını üzə baxmaqla təxmin etmək olar. Bu zaman üzdə şişkinlik əmələ gəlir, qaşların xarici hissəsinin üçdə biri tökülür, dəri isə quru və solğun rəng alır.
Əgər göz qapaqlarında ksantelazmalar - sarımtıl rəngdə, lövhəyə bənzər xoşxassəli törəmələr peyda olursa, bu, hiperxolesterinemiyadan, yəni qanda xolesterin səviyyəsinin yüksək olmasından xəbər verə bilər.
Olqa Suxareva qeyd edib ki, B12 vitamini çatışmazlığını da üzə baxmaqla aşkar etmək mümkündür. Bu zaman dil parlaq qırmızı rəngə, dəri isə sarımtıl rəngə çalar. Dəmir çatışmazlığı anemiyası isə özünü solğun, demək olar ki, şəffaf dəri, nazik, seyrək tüklər və "qaşıq" şəkilli dırnaqlarla büruzə verir.
Həkim onu da vurğulayıb ki, çoxsaylı papillomalar sağlamlıq problemlərinin, xüsusilə insulin rezistentliyinin (orqanizmin insulin hormonuna qarşı həssaslığının azalması) əlaməti ola bilər. Bu vəziyyətin digər göstəriciləri kimi qarın nahiyəsində piylənmə, dərinin təbii qatlarında tünd xətlərin yaranması və yaraların çətin sağalması qeyd olunur.
Xatırladaq ki, bu əlamətlər yalnız ehtimal xarakteri daşıyır. Hər hansı bir narahatlıq hiss etdikdə mütləq həkim müayinəsindən keçmək lazımdır.