"Ermənistanın dövlət borcu 2018-ci ildən iki dəfə deyil, yalnız 80% artıb".
Oxu.Az Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistanın maliyyə naziri Vaqe Ovannisyan 2026-cı il üçün büdcə layihəsini ölkə parlamentinə təqdim edərkən və müxalifət nümayəndələrinin iddialarına cavab verərkən bəyan edib.
Onun sözlərinə görə, əgər hökumət xərcləri 2018-ci il səviyyəsinə qədər azaltsaydı, borcu 1.5 il müddətinə bağlamaq mümkün olardı.
"Biz bunu etmirik, çünki keçən dövr ərzində ehtiyaclarımız və ambisiyalarımız çox dəyişib. Təsəvvür edək ki, 2018-ci ildən götürülmüş borcu ödəyirik, onda xərclərimizi 58% azaltmalı olacağıq", - deyə Ovannisyan bildirib.
Maliyyə Nazirliyinin rəhbəri qeyd edib ki, məsələn, müdafiə xərcləri 65%, təhsil xərcləri 60%, sosial xərclər 54% və s. azalacaq.
Nazir diqqəti milli valyutada borc payının əhəmiyyətli dərəcədə artdığına (19%-dən 50.8%-ə qədər) cəlb edərək bildirib ki, bu, borcun idarə olunması baxımından müsbət haldır.
Onun sözlərinə görə, ümumilikdə struktur baxımından dövlət borcu hazırda 2018-ci ilə nisbətən daha sabitdir.
Xatırladaq ki, 2025-ci ilin sonunda Ermənistanın dövlət büdcəsinin kəsirinin ÜDM-in 5.5%-i və ya mütləq rəqəmlərlə 600 milyard dram (təxminən 1 milyard 558 milyon dollar) təşkil edəcəyi gözlənilir.
Ermənistan hökumətinin dövlət borcu 2024-cü ilin sonunda ÜDM-in 48%-ni, 2025-ci ilin sonunda 50.7%-ni təşkil edib, 2027-2028-ci illərdə isə 54%-i keçəcəyi gözlənilir. Bu il borc milli və xarici valyutada əlavə istiqrazların buraxılması hesabına artıb (xarici kreditlərin həcmi daha az artacaq). Mütləq rəqəmlərlə 2025-ci ilin sonunda hökumətin borcunun 14 milyard 147 milyon dollar təşkil edəcəyi gözlənilir, halbuki 2024-cü ilin sonunda yalnız 12 milyard 338 milyon dollara bərabər olub.