Alimlər Veneranın atmosferinin yuxarı qatlarında nəhəng konsentrik halqalar aşkar ediblər. Bu halqalar planetin Günəş işığı düşən yarımkürəsinin böyük hissəsini əhatə etsə də, adi əks olunmuş işıqda görünməyib və yalnız xətti polyarizasiya üsulu ilə aparılan müşahidələr zamanı üzə çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Science Alert" portalı məlumat yayıb.
Qeyri-adi siqnal ilk dəfə 2010-cu il mayın 24-də, 36 dəqiqə davam edən təsadüfi müşahidə zamanı qeydə alınıb. Lakin alimlər bu kəşfi yalnız indi ictimaiyyətə açıqlayıblar. Onlar fenomenin fiziki izahını hələ də tapa bilmədiklərini bildiriblər.
Müşahidələr İspaniyanın La Palma adasında yerləşən Uilyam Herşel teleskopunda quraşdırılmış eksperimental ExPo polyarimetri vasitəsilə aparılıb. Darzolaqlı filtrlərdən istifadə zamanı Veneranın atmosferində indiyədək heç vaxt müşahidə olunmamış konsentrik halqalar görünməyə başlayıb.
Kəşf yalnız müşahidələr başa çatdıqdan sonra müəyyən edildiyi üçün eksperimentin təkrarlanması mümkün olmayıb. Həmin vaxt ExPo cihazı artıq sökülmüşdü. Məhz buna görə tədqiqatçılar nəticələri uzun müddət dərc etməyiblər.
Tədqiqat müəlliflərindən biri təxminən yeddi il sonra bu müşahidəyə yenidən qayıdıb. Buna səbəb Yaponiyanın "Akatsuki" kosmik zondunun Venera atmosferində qütbdən qütbə uzanan nəhəng atmosfer dalğasını qeydə alması olub. Sonrakı modelləşdirmələr göstərib ki, planetin atmosferində sıxlığı 5-10% artıran və Günəş enerjisinin daşınmasına kömək edən planetar miqyaslı dalğalar yarana bilər.
Alimlər hesab edirlər ki, bu proses Günəşin bulud qatını qızdırması və nəticədə yaranan pozuntuların güclü küləklər vasitəsilə daşınması ilə əlaqədar ola bilər.
