Venesuelanın prezidenti Nikolas Maduro bütün ərzaq mağazalarında icbari barmaq izi - skaner sistemi tətbiq edilməsini elan edib.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, hakimiyyətin sözlərinə görə, bu, ərzaq çatışmazlığı və qaçaqmalçılığının qarşısını almaq üçün atılan addımdır.
Supermarketlərdə icbari daktiloskopiya sisteminin artıq yeni il ərəfəsində tətbiq ediləcəyi gözlənilir.
Müxalifət qüvvələri hakimiyyətin bu planını kəskin şəkildə pisləyib. Tənqidçilərin fikrinə görə, əsas ərzaqları alan zaman barmaq izlərinin götürülməsi şəxsi həyatın toxunulmazlığı qaydalarını pozur.
Venesuela mağazalarında boş piştaxtalar nadir hal deyil. Sərt monetar siyasət və dövriyyə valyutasının çatışmazlığı istənilən idxalı çətinləşdirir, qiymətlərin artımını qanuni yolla dayandırmaq isə mümkün olmur: istehsalçılar şikayət edirlər ki, bəzi ərzaqlar o qədər ucuzdur ki, maya dəyərini güclə ödəyir.
Ölkənin mərkəzi bankının məlumatına görə, 2014-cü ilin əvvəlində Venesuelanın mağazalarında əsas ərzaqların dörddən biri çatışmırdı.
Hökumətin hesablamalarına görə dövlət tərəfindən subsidiyalaşdırılan ərzaqların təxminən 40%-i Kolumbiyaya qeyri-qanuni gətirilərək burada daha yüksək qiymətə satılır.
Venesuela müxalifəti iqtisadi böhranda, sabiq prezident Uqo Çaves tərəfindən yaradılmış, son 15 ilin sosialist siyasətini günahlandırır.