Almaniyada Braunşveyq məhkəməsi Almaniyanın avtomobil istehsalçısı "Volkswagen"in dörd keçmiş rəhbərini dizel yanacağı ilə bağlı səs-küylü işdə dələduzluqda təqsirli bilib. Bu qərar dörd ilə yaxındır davam edən uzun sürən məhkəmə işinə son qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə İspaniyanın "El Pais" qəzeti məlumat verib.
Avtomobil qalmaqalı 2015-ci ildə ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi emissiya testlərinin manipulyasiyasını aşkar etdikdən sonra baş verib. Bunun "Volkswagen" və onun törəmə şirkətləri üçün ciddi nəticələri oldu.
Şirkətin dizel mühərriklərinin inkişafı üzrə keçmiş rəhbəri Yens Hadler dörd il yarım, Hanno Yelden isə iki il yeddi ayı dəmir barmaqlıqlar arxasında keçirəcək. Haynts-Yakob Noysser və başqa bir rəhbər şərti cəza alıblar.
Məhkəmə müəyyən edib ki, müttəhimlər mühərriklərin yalnız sınaqlar zamanı emissiya standartlarına cavab verməyə kömək edən qurğu haqqında məlumatlı olublar. Əslində, o söndürülüb, bu da emissiyaların icazə verilən həddən çox olmasına səbəb olub.
"Volkswagen Group"un baş direktoru Martin Vinterkorn qalmaqaldan dərhal sonra istefa verib. Onun barəsində də ayrıca iş açılıb, lakin səhhətindəki problemə görə məhkumluq hökmünün çıxarılıb-çıxmayacağı bəlli deyil.