Göyərtəsində iki azərbaycanlının olduğu, Yapon dənizində yoxa çıxmış “Vostok” gəmisinin sahibi “DV-flot” şirkəti traulerin ekipaj üzvlərinin ailə üzvlərinə maddi yardım göstərməyi vəd edib. Hər ailəyə ümumilikdə 26 min dollar vəsaitin ayrılacağı bildirilir.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a şirkətinin baş direktoru Stanislav Malçevski açıqlama verib.
“Şirkət həlak olan hər bir ekipaj üzvünün ailəsinə 1.5 milyon rubl (26.698 dollar) ödəyəcək. Bundan savayı, qurbanların ailələri sığorta şirkətindən ödəniş alacaq”, - deyə Malçevski bildirib.
Hal-hazırda “Vostok” gəmisinin ekipaj üzvlərinin statusu dəyişilməz olaraq qalır: axtarışlar davam etdiyindən dənizçilər həlak olmuş və ya itkin düşmüş hesab olunmur.
TASS-ın məlumatına görə, yalnız məhkəmə dənizçiləri itkin düşmüş elan edə bilər.
Xatırladaq ki, yanvarın 25-də radarlardan itmiş “Vostok” balıqçı gəmisinin göyərtəsində iki azərbaycanlı – 1972-ci il təvəllüdlü matros Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü matros Ruslan Əlizadə olub.