"Serbiya tarixinin ən güclü ordusuna malikdir və heç kimin 1999-cu il NATO təcavüzünü təkrarlamasına imkan verməyəcək".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.
"1999-cu ilin bir daha təkrarlanmamasını təmin etmək üçün təcrübəli mütəxəssislərimiz var. Serbiyaya hücum etməyi düşünən hər kəs bu barədə iki dəfə düşünməlidir. Ordumuz indiyə qədər olduğundan daha güclüdür", - deyə Serbiya lideri vurğulayıb.
Vuçiç həmçinin qeyd edib ki, Belqrad bu yaxınlarda Serbiya ordusu üçün milyard dollarlıq müqavilələr imzalayıb. O, ölkənin hava məkanını qorumaq üçün lazım olan bütün vasitələri əldə etdiyini və növbəti üç il ərzində özünün çoxqatlı hava hücumundan müdafiə sistemini quracağını açıqlayıb.
Xatırladaq ki, NATO-nun Yuqoslaviya Federativ Respublikasına qarşı hərbi əməliyyatı 24 mart 1999-cu ildə başlayıb və 78 gün davam edib.