Rusiyanın Okeanologiya İnstitutun ekspedisiyası Xəzər dənizinin Dağıstan sahillərində suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqədar mühüm dəyişikliklər aşkar edib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a institutun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəllər su altında olan ərazilər otla örtülür, sahilboyu zonalarda səhralaşma prosesi gedir və qum təpələri yerini dəyişir:
"Bütün Xəzər dənizi üçün xarakterik olan səviyyənin enməsinin fəsadları hər yerdə müşahidə edilir. Aqraxan yarımadası ilə (artıq keçmiş) Çeçen adası arasındakı boğazın qurumuş dibinin bir hissəsi çiçək açan otlarla örtülüb. Eyni zamanda, daha hündür ərazilərdə səhralaşma prosesi gedir - bir çox bitki növləri yoxa çıxır, qum təpələri isə yenidən hərəkətə başlayır".
Bundan əlavə, çoxsaylı və uzunmüddətli daşqınlardan sonra çayların mənsəb hissələrində erroziya prosesləri kəskin şəkildə güclənib. Çay sahillərinin yuyulması öz növbəsində dənizin sahil zonasına külli miqdarda bərk çöküntülərin daxil olması ilə nəticələnib.
"Təbiət mexanizmləri bizim düşündüyümüzdən daha mürəkkəbdir. Dəniz səviyyəsinin aşağı düşməsi səbəbləri hələ də ən çox müzakirə olunan mövzulardan biridir. XX əsrin sonlarında Xəzər dənizinin səviyyəsinin qalxması səbəbi isə daha böyük müəmmadır. Buna görə də, yeni bir artımın olacağını əvvəlcədən proqnozlaşdırmaq hələlik qeyri-mümkündür - bu, istənilən an başlaya bilər", - deyə ekspedisiya rəhbəri Marina Krılenko qeyd edib.