Pakistan xüsusi təyinatlıları Pişəvər şəhərində hərbi məktəbi ələ keçirmiş bütün terrorçuları məhv ediblər.
Bu barədə öz bloqunda Pakistan ordusunun rəsmisi Əzim Bəcva bildirib.
Son məlumatlara görə, 126 nəfər həlak olub – onların əksəriyyəti uşaqlardır. Daha 122 nəfər xəstəxanalara çatdırılıb.
Həkimlər bildirirlər ki, əksəriyyət başından və bədənindən güllə yarası alıb. Qəlpə yarası alan da var – güman olunur ki, xüsusi təyinatlıların məktəbə hücumu başlayarkən, yaraqlılardan biri özünü partladıb.
Pakistanda üç günlük matəm elan olunub.
14:31
Pakistanın Pişəvər şəhərində yaraqlıların məktəbə hücumu nəticəsində 104 nəfər həlak olub, onların 84-ü uşaqdır.
Bu barədə jurnalistlərə Hayber-Paxtunxva əyalətinin naziri Pervez Khattak bəyan edib.
İlkin məlumata görə, altı silahlı yaraqlı Pakistan hərbçilərinin geyimində motosikletlərlə məktəbin binasına yaxınlaşıblar və mühafizəçilərə atəş açıblar.
Bundan sonra yaraqlılar küçədə olan uşaqları binaya salaraq, hadisə yerinə gələn polis və hərbçilərə atəş açmağa başlayıblar.
Əyalətin informasiya naziri İftixar Hüsseynin sözlərinə görə, ordu vəziyyəti nəzarət altına almağa çalışır. İlkin informasiyaya müvafiq olaraq hərbçilər üç yaraqlını məhv etməyə müvəffəq olublar.
Hücum zamanı məktəbdə ümumilikdə 500 uşaq və müəllim ola bilərdi. Hücumda ən azı altı yaraqlı iştirak edir. Onların arasında kamekadzelər də var, onlardan biri partlayıcı qurğunu işə salıb.
12:44
Pakistanın Pişəvər şəhərində talibanların məktəbə hücumu zamanı ən azı 15 məktəbli həlak olub, 36-dan çox adam yaralanıb.
Şəhər polisinin nümayəndələrinin yerli KİV-ə verdiyi məlumata görə, məktəbin binasında güclü partlayış səsi eşidilib.
İlkin məlumata əsasən altı yaraqlı məktəbin binasına motosikletlərdə yaxınlaşıb və mühafizəçiyə atəş açıblar. Bundan sonra terrorçular küçədə olan uşaqları binaya qovaraq hadisə yerinə gələn polislərə atəş açmağa başlayıblar.
Terrorçular “ölüm kəməri”, qumbara və avtomat silahlarla silahlanıblar.
Pakistan talibançılarının hərəkatı “Tehrik-i-taliban Pakistan” (TTP) hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Terrorçular hələ ki, heç bir tələb irəli sürməyiblər.
11:34
Ən azı altı silahlı yaraqlı Pakistanın Pişəvər şəhərində hərbi qulluqçuların uşaqlarının oxuduqları məktəbin bir neçə yüz şagirdini girov götürüblər.
Reuters agentliyinin məlumatına görə, məktəbin içində intensiv atışma gedir. Binanı hərbçilər mühasirəyə alıblar, Oxu.Az xəbər verir.
Pakistan ordusunun nümayəndələri bildiriblər ki, binada 500-ə yaxın şagird və müəllim ola bilər.
Binanın ələ keçirilməsinə görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.