"Lufthansa" şirkəti "Der Spiegel" jurnalının yanacaq qıtlığı səbəbindən təyyarələrinin müvəqqəti olaraq istismardan çıxarıla biləcəyi ilə bağlı yaydığı məlumatı təkzib edib.
Oxu.Az "Reuters" agentliyinə istinadən xəbər verir ki, aviaşirkət sözügedən materialın, görünür, tədbirlərdən birində qeydə alınmış köhnə qeydlərə əsaslandığını bildirib.
Təxminən bir saat yarım sonra "Der Spiegel" həmin məqaləni rəsmi saytından silib.
"Daha əvvəl bu yerdə "Lufthansa"nın enerji böhranı səbəbindən 40-a qədər təyyarənin uçuşunu dayandırmağa hazırlaşdığı barədə material dərc olunmuşdu.
Sonradan məlum oldu ki, materialın əsaslandığı məlumatlar köhnəlib və bu səbəbdən həqiqəti əks etdirmir. Buna görə də həmin məqaləni tamamilə silmək qərarına gəldik", - deyə "Der Spiegel"in saytında yerləşdirilən açıqlamada bildirilib.
Almaniyanın "Lufthansa" aviaşirkəti yanacaq qıtlığı səbəbindən 40-a qədər təyyarənin istismarını müvəqqəti dayandırmağa hazırlaşır.
Oxu.Az "Spiegel" nəşrinə istinadən xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Karsten Şpor əməkdaşlara məlumat verib.
O bildirib ki, yanacaqla bağlı vəziyyət əhəmiyyətli dərəcədə pisləşib.
Karsten Şporun sözlərinə görə, şirkət rəhbərliyi fövqəladə hallar üçün iki təxirəsalınmaz fəaliyyət planı hazırlayıb. Həmin planlar zərurət yaranacağı təqdirdə 40-a qədər təyyarənin istismarının dayandırılmasını nəzərdə tutur.
Bununla belə, yekun qərarın hələ qəbul edilmədiyi vurğulanıb.
"Bu gün biz sadəcə tədbirlər paketini müəyyənləşdirmək qərarına gəldik", - deyə Karsten Şpor bildirib.
"Spiegel"in məlumatına görə, təyyarələrin istismarının dayandırılması ilə bağlı qərar qəbul olunarsa, bu addım ən tez iyul ayından etibarən həyata keçiriləcək.