Yaponiya hakimiyyəti yenin məzənnəsini dəstəkləmək məqsədilə son bir ay ərzində valyuta bazarına müdaxilələrə rekord həcmdə - 15.4 trilyon yen (96.5 milyard dollar) vəsait xərcləyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Müdaxilələrin miqyası Tokionun son 40 ilin ən aşağı səviyyələrinə düşən yenin ucuzlaşmasının qarşısını almaqda qətiyyətli olduğunu göstərir. Yenin zəifləməsi Yaponiyanın iri ixracatçılarının gəlirlərinə təzyiq göstərir və enerji daşıyıcıları da daxil olmaqla, idxalın bahalaşmasına səbəb olur.
Yaponiya enerji resurslarının idxalından demək olar ki, tamamilə asılıdır. Ölkənin enerji idxalının 95 faizi Yaxın Şərqdən həyata keçirilir. Bu isə İran ətrafındakı münaqişə səbəbindən tədarükdə yarana biləcək fasilələr qarşısında Yaponiyanı daha həssas vəziyyətə salır.
Eyni zamanda, Yaponiya Bankının pul-kredit siyasətini nisbətən yavaş sərtləşdirməsi ölkədə faiz dərəcələrinin ABŞ kimi bazarlarla müqayisədə aşağı qalmasına səbəb olur. Bu amil investorları qlobal maliyyə əməliyyatlarını ucuz yen hesabına maliyyələşdirməyə davam etməyə təşviq edir.