"Can qardaşımız Azərbaycanla ikitərəfli münasibətlərimizi daha da dərinləşdiririk".
Oxu.Az-ın "Anadolu" agentliyinə istinadən xəbərinə görə, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Güler Türkiyə Böyük Millət Məclisinin Planlaşdırma və Büdcə Komitəsinin iclasında çıxışı zamanı deyib.
Yaşar Güler Türkiyənin bir çox bölgədə beynəlxalq təhlükəsizliyə, sülhə və istiqrara əhəmiyyətli töhfələr verdiyini qeyd edib.
"Bu kontekstdə, ən başda can qardaşımız Azərbaycanla ikitərəfli münasibətlərimizi daha da dərinləşdiririk. Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması çərçivəsində təlim, yardım və məşvərət fəaliyyətlərimiz, eləcə də müdafiə sənayesi əməkdaşlığı ilə bağlı əhəmiyyətli irəliləyişlər əldə etmişik və etməyə davam edirik", - deyə nazir bildirib.
Yaşar Güler Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması istiqamətində ABŞ-də qeydə alınan iradədən məmnunluğunu ifadə edib.
"Ən qısa zamanda hərtərəfli sülh mətninin də imzalanmasına ümid edirik", - deyə o vurğulayıb.