Yatanda belə ayrıla bilmədiyi sevimli mobil telefonunu yastığının altına qoyub yuxuya gedən 13 yaşlı qız gözlənilməz hadisə ilə rastlaşıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə Amerikanın Texas ştatında baş verib. 13 yaşlı Ariel Tolfri başının altındakı “Samsung Galaxy S4” alışıb-yanıb.
Gecə yanıq iyinə oyanan qız əvvəlcə bunu ciddiyə almayaraq yenidən yuxuya getməyə cəhd edib. Lakin başının altından gələn qoxunun kəskinləşməsi onu yatmağa qoymayıb. Ariel yastığı qaldırdıqda altındakı telefonu tanıya bilməyib.
“Samsung Galaxy S4” tanınmaz dərəcədə deformasiyaya uğrayıb. Xoşbəxtlikdın ailə yanğının qarşısını vaxtında ala bilib. Ailə üzvləri yanğına səbəb kimi akkumulyatoru (elektrik enerjisini toplayan cihaz) göstərir.
Bu hadisədə kimin günahkar olmasından asılı olmayaraq “Samsung” şirkəti ailəyə təzminat ödəyiblər. Koreyalılar qızın yataq örtüyünün pulunu belə veriblər, smartfon isə yenilənib.
Şirkət smartfonları gecələr yastıq və digər yataq dəstlərinin altına qoymağı qətiyyən məsləhət görmədiyini açıqlayıb. Onlar bunu smartfonun ventilyasiya sistemində nasazlığın yaranmasına və nəticədə alışmasına səbəb olması ilə əsaslandırıblar.