Argentina haqqında son günlər tez-tez məlumatlar yayılır, bu ölkənin maliyyə böhranı ilə üzləşməsindən danışırlar. Müxtəlif fikirlər və mövqelər bildirilir.
Bilirsiniz, məsələ burasındadır ki, ümumiyyətlə artıq 2008-ci ildən bu yana Avropa ölkələri o vaxt başlayan maliyyə böhranından deyəsən indi çıxmağa başlayır. ABŞ da oxşar prosesi yaşayır. Bu baxımdan, yəqin ki, Argentinanın da müəyyən çətinlikləri var.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov son günlər Argentinanın qarşılaşdığı maliyyə böhranı ilə bağlı deyib.
N. Məmmədov bildirib ki, son illər dünyada gedən proseslər ifrat dərəcədə siyasiləşib:
“Sözdə bəyan edilsə də, insanların təhlükəsizliyi, rifahı, firavanlığı və digər hüquqları siyasi ambisiyalara asanca qurban verilir.
Argentinanın maliyyə böhranı məsələsində də belə məqamların olmasını Argentina rəsmiləri qeyd edirlər.
Argentina Cənub Amerikanın ən böyük dövlətlərindən biridir. Yaxşı imkanları və potensialı var. Bunu Argentina prezidenti, Argentina hökumətinin aparat rəhbəri və iqtisadiyyat naziri də təsdiq edərək, bu ölkə haqqında verilən bəyanatlarla razılaşmırlar.
Ümidvaram ki, Argentina rəhbərliyi ölkənin daxili imkanlarından, ikitərəfli və çoxtərəfli əməkdaşlıq potensialından istifadə edərək qarşılaşdığı çətinliyi aradan qaldıracaq”.