Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yerevanda etiraz aksiyaları davam edir - YENİLƏNİB + VİDEO
Yerevan Bələdiyyə Sarayı və ətrafındakı ərazidə toplanan nümayişçilər Qriqor Lusavoriç küçəsini də bağlayıblar.
Oxu.Az “News.am”a istinadən xəbər verir ki, Bələdiyyə Sarayı ətrafında toplaşan etirazçılar küçəni açmayacaqlarını bildiriblər.
Polislər bir nümayişçini təhlükəsizlik mərkəzinə sövq etməyə çalışsa da, səyləri uğursuz olub.
14:30
Ermənistan parlamentinin üzvü, etiraz aksiyalarının təkşilatçısı Nikol Paşinyanın oğlu Aşot Paşinyan tutulub.
Oxu.Az “Armtimes.com” saytına istinadən xəbər verir ki, aprelin 17-də Yerevanda polis etiraz aksiyasına qatılan 29 nəfər saxlayıb.
Onlar inzibati qaydaları pozmaqda təqsirləndirilirlər.
13:42
Yerevanda, Fransa meydanında mitinq zamanı etiraz aksiyasının təşkilatçısı parlamentin deputatı Nikol Paşinyan Məxməri İnqilabın başlamasını elan edib.
Oxu.Az-ın “News.am”a istinadən xəbərinə görə, Paşinyan onlarla tərəfdarının saxlanılması barədə məlumat verib.
O qeyd edib ki, polis meydana böyük qüvvələr cəlb edib:
“Lakin biz fərqli hərəkət edəcəyik. Yürüş edib digər dövlət qurumlarının fəaliyyətinə mane olacağıq. Hara girə bilsək, oturaq aksiya keçirəcəyik”.
13:00
Yerevanda Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə görə etiraz aksiyasında iştirak edən müxalifət tərəfdarları ilə polislər arasında qarşıdurma yaşanıb.
Oxu.Az-ın erməni mətbuatına istinadən məlumatına görə, etirazda iştirak edən tərəfdarlar polisin qanuni tələblərinə tabe olmayaraq, zor tətbiq ediblər. Daha sonra daş və digər əşyalar ataraq polislərə xəsarət yetiriblər.
12:21
Ermənistan parlamentində təhlükəsizlik rejimi gücləndirilib.
Oxu.Az “News.am”a istinadən xəbər verir ki, Ermənistan Milli Məclisinin üzvləri saat 12:00-da baş nazir postuna seçimlərin başlaması ilə əlaqədar olaraq parlamentin binasına gəliblər.
Ermənistanın Respublikaçı Partiyası və Daşnaqsütyun Partiyası baş nazir postuna Serj Sarkisyanın namizədliyinin irəli sürülməsini təklif ediblər.
Parlamentə aparan bütün yollarda tikanlı məftillərlə maneələr yaradılıb. Yalnız deputatların girişi üçün kiçik mühafizə olunan keçid saxlanılıb.
12:08
Yerevanda polis etiraz aksiyalarının keçirildiyi Baqramyan prospektini bağlayıb.
Oxu.Az-ın News.am-a istinadən məlumatına görə, parlamentin binasına zirehli texnika, o cümlədən tanklar çıxarılıb.
Ərazi tikanlı məftillə mühasirəyə alınıb.
12:06
Etiraz aksiyalarında ictimai asayişin pozulması ilə əlaqədar daha bir neçə şəxs polisə təhvil verilib.
Oxu.Az xəbər verir ki, bu haqda "News.am"-a Polis İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, Yerevanda polis səhər saatlarından etibarən Tumanyan küçəsində 29 nəfər müxalifət tərəfdarlarını təhlükəsizlik orqanlarına təhvil verib.
11:03
Serj Sarkisyanın baş nazir postuna gətirilməsinə görə etiraz aksiyası Yerevanın Fransa Meydanında davam edir.
Oxu.Az “News.am”a istinadən xəbər verir ki, polis ictimai asayişi pozan mitinqin dayandırılması barədə çağırış etsə də, etirazçılar buna məhəl qoymayıblar.
Bu gün səhər saatlarından nümayişçilər yenə mərkəzi küçələrə axışıblar. Qarşıdurma zamanı 30 etirazçı saxlanılıb. Yaranmış bir qarşıdurma nəticəsində 40-dan çox adam yaralanıb.
Rəylər