Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yunanıstanda Türkiyəni təhqir edən hərbçilər cəzalandırıldılar
Yunanıstan paytaxtı Afinada keçirilən paradda yunan hərbçilərinin Türkiyəyə qarşı ünvanladığı təhqiramiz şüarlarla bağlı istintaq tamamlanıb. Türkiyə əleyhinə şüarlar səsləndirən Yunanıstan Hərbi Dəniz Qüvvələrinin üzvlərinin cəzalandırılmasına qərar verilib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Qeyd edək ki, martın 25-də Afinada keçirilən hərbi parad zamanı Yunanıstan Hərbi Dəniz Qüvvələrinin kiçik zabit məktəbinin bir bölməsinin səsləndirdiyi təhqiramiz şüar hiddətə səbəb olub.
Sosial şəbəkələrdə paylaşılan videolarda hərbçilərin "Kipr Yunandır" kimi şüarlar səsləndirdiyi və Türkiyəyə qarşı təhqiramiz ifadələr işlətdiyi kadrlar əks olunub.
Hadisəyə görə məsuliyyət daşıyan bəzi səlahiyyətlilərə 20 günlük həbs cəzası verilib. Həmçinin hadisədə adı hallanan şəxslər üçün də, daha yüngül olmaqla, fərqli cəzaların verilməsinə qərar verilib.
Bildirək ki, rəsmi paraddakı insidentdən sonra Türkiyə Xarici İşlər Nazirliyi mənbələri Türkiyə-Yunanıstan münasibətlərinə xələl gətirmək məqsədi daşıyan bu davranışın qəbuledilməz olduğunu bildirmişdilər.
Eyni zamanda Yunanıstanın müxalifət partiyası olan Radikal Sol İttifaq (SYRIZA) da şüarları qəbuledilməz hesab etmiş və hadisənin araşdırılmasını tələb etmişdi.