Rusiya "3+3" formatını Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaqda region ölkələrinin səylərinin əlaqələndirilməsi üçün effektiv mexanizm kimi qiymətləndirir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, sözügedən platforma regionda ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək üçün fürsətdir.
"Oktyabrın 17-18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov "3+3" regional platformasının üçüncü iclasında iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edəcək.
Buraya Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin İran, Rusiya və Türkiyə daxildir. Biz bu formatı Cənubi Qafqazda və Yaxın Şərqdə davamlı sülh və sabitliyə nail olmaqda regional qrupların səylərinin əlaqələndirilməsi üçün səmərəli mexanizm, habelə ticarət-iqtisadi, nəqliyyat, logistika, mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı təşviq etmək imkanı hesab edirik", - deyə o bildirib.
M.Zaxarova əlavə edib ki, tədbir çərçivəsində Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri həmkarları ilə də ikitərəfli görüşlər keçirəcək.
Rəylər