Ukrayna Prezidenti Volodimir Zelenski hökumətin tərkibinin yenilənməsi təşəbbüsü çərçivəsində Sergey Koretskinin baş nazir vəzifəsinə namizədliyini rəsmi şəkildə Ali Radaya təqdim edib.
Oxu.Az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk məlumat verib.
Stefançuk bildirib ki, parlament təqdimata müəyyən edilmiş prosedura uyğun olaraq yaxın vaxtlarda baxacaq.
Bundan əvvəl Zelenski keçirilən məsləhətləşmələrin nəticəsinə əsasən Sergey Koretskinin baş nazir postu üçün ən uyğun namizəd olduğunu açıqlamışdı. Dövlət başçısının sözlərinə görə, yeni hökumətin əsas vəzifəsi ölkəni qış mövsümünə hazırlamaq olacaq.
"Suspilne" nəşrinin yazdığına görə, Koretski əvvəllər hökumət orqanlarında vəzifə tutmasa da, dövlət korporasiyalarına və enerji şirkətinə rəhbərlik edib. Nəşrin iddiasına əsasən, o, burada "böhran şəraitində uğurlu idarəçi" kimi özünü göstərə bilib.
Sergey Koretski 1978-ci ildə Lutsk şəhərində anadan olub. İlk ciddi vəzifələrini "Kontinium" şirkətlər qrupunda tutub. O, şirkətin həmsahibi və "Vahid Ukrayna naminə" fraksiyasından deputat olmuş İqor Yeremeyevin köməkçisi işləyib. 2006-cı ildə hər ikisi "Litvin Xalq Bloku"nun parlament seçkisində namizədlər siyahısında yer alsalar da, Koretski siyahının sonlarında olduğundan parlamentə düşə bilməyib.
2013-cü ildə o, "Kontinium"a məxsus WOG yanacaqdoldurma məntəqələri şəbəkəsinin baş direktoru təyin olunub. Mənbələrin sözlərinə görə, Koretski bu şəbəkənin kafe brendinin inkişafı ideyasını dəstəkləyib və onu avtomobil sürücüləri arasında ən tanınmış şəbəkələrdən birinə çevirib.
Yeremeyevin faciəvi ölümündən sonra Koretski şirkətdən ayrılıb və bir müddət özünün "Idealist" qəhvəxanalar brendini inkişaf etdirib.
Daha sonra dövlət "Ukrnafta" və "Ukrtatnafta" şirkətlərini milliləşdirəndən sonra iri biznesə qayıdaraq hər iki şirkətə rəhbərlik edib.
2025-ci ilin əvvəlində Koretski "Naftoqaz"ın rəhbəri vəzifəsinə namizədliyini irəli sürüb və müsabiqədə qalib gəlib. Onun rəhbərliyi altında 2024-2025-ci illərin çətin istilik mövsümündən çıxan şirkət növbəti qış üçün qaz ehtiyatı toplamağa başlayıb. Nəşrin məlumatına görə, Koretski bu məqsədlə kredit mənbələrinin tapılmasına cavabdeh olub.
Xatırladaq ki, Ukraynada hökumətin tərkibi yenilənir. Müdafiə Nazirliyinə İqor Klimenkonun, Daxili İşlər Nazirliyinə Milli Polisin hazırkı rəhbəri İvan Vıqovskinin təyin olunacağı gözlənilir.
Eyni zamanda, jurnalistlərin məlumatına görə, hazırkı müdafiə naziri Mixail Fydorov yeni Nazirlər Kabinetinin tərkibində yer almayacaq. Bildirilir ki, Zelenski "Xalqın Xidmətçisi" fraksiyasının iclasında Fyodorovun Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski və ordu ilə "həll olunmayan sistemli münaqişəsi" olduğunu deyib.