Prezident Volodimir Zelenski bildirib ki, Ukrayna münaqişəni mövcud döyüş xətti boyunca donduraraq müharibəni ən qısa zamanda bitirməyə hazırdır.
Oxu.Az xəbər verir ki, bu barədə ölkə başçısı "ABC News" media resursuna verdiyi müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, rəsmi Kiyev Rusiyanın nəzarətində olan ərazilərin mənimsənilməsini isə heç vaxt qəbul etməyəcək.
Zelenski nəzəri cəhətdən Ukrayna torpaqlarından imtina edilməsini nəzərdə tutan hər hansı sülh müqaviləsi ilə razılaşmayacaqlarını da bəyan edib.
"Kimsə 25% barədə danışanda, bu o deməkdir ki, biz bütün Donbasdan əl çəkməliyik, yəni onlar (ruslar - red.) 25%-ə nəzarət edəcəklər. Hazırda isə onların nəzarətində 19.3% ərazi var", - deyə Zelenski vurğulayıb.
Söhbətin davamında jurnalist prezidentdən bu şərtlərlə müqaviləni imzalayıb-imzalamayacağını soruşub. Siyasətçi buna cavab olaraq bildirib ki, Kiyev müharibəni indiki cəbhə xəttində təsbit edərək ona son qoymağa hazırdır:
"Biz müharibəni ən qısa zamanda başa çatdırmağa hazırıq. Münaqişəni dərhal bütün cəbhə xətti boyu dondurmaq mümkündür".
Zelenski, həmçinin qeyd edib ki, Kiyevin Moskva tərəfindən ələ keçirilən əraziləri Rusiya torpaqları kimi tanımasını tələb edən şərt barədə eşidib. O vurğulayıb ki, Ukrayna heç vaxt bununla razılaşmayacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Zelenski ölkəsinin bəzi əvvəlki ərazilərini itirmək bahasına sülh müqaviləsi bağlamağa razı olub-olmadığı barədə verilən sualı müsbət cavablandırmışdı.