Ukrayna Prezidenti Volodimir Zelenskinin amerikalı həmkarı Donald Tramp ilə Ağ Evdə danışıqlar aparması üçün obrazını yaradan dizayner Elvira Həsənova geyim seçiminin səbəbini açıqlayıb.
Oxu.Az xəbər verir ki, o bu barədə "Financial Times" qəzetinə açıqlamasında bəhs edib.
Əslən Azərbaycandan olan E.Həsənovanın sözlərinə görə, müharibə dövründə siyasətçilərə kostyumlar lazım deyil:

"O, müharibə dövrünün lideridir. Müharibə dövründə siyasətçilərə belə kostyumlar lazım deyil. Əsgərlərimiz döyüşəndə, insanlarımız sığınacaqda olanda kostyum geyinə bilmərik".
Xatırladaq ki, V.Zelenski sözügedən görüşdə üzərində Ukrayna dövlət gerbinin əsas elementi təsvir olunan naxışlı uzunqol polo geyinmişdi.
Azərbaycanlı Elvira Həsənova - gənc dizayner və GASANOVA brendinin qurucusudur. Donetskdən olan qız orada stomatoloq təhsili alıb və bir müddət bu peşə üzrə işləyib. Daha sonra o, Ukraynadan kənarda da məşhurlaşan GASANOVA moda brendini yaratmağa qərar verib. Elvira Həsənovanın geyimlərini dünya ulduzları, o cümlədən Cici Hadid də geyinib.