31 
Mar
2017
13:12
67
101
10838
Virtual karabakh

Natiq Quliyev: “Bank Respublika”nın məqsədi bazarda qalmaq deyil, bazarın liderlərindən biri olmaqdır

31 Mar, 2017
13:12
10838

Natiq Quliyev: “Bank Respublika”nın məqsədi bazarda qalmaq deyil, bazarın liderlərindən biri olmaqdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Marja-ya istinadən “Bank Respublika” ASC-nin sahibi Natiq Quliyevin müsahibəsini təqdim edir.

Natiq Quliyev 1992-ci ildən etibarən “Bank Respublika” ASC-nin yaradıcısı, təsisçisi və sahibidir. O, həmçinin “Səba” ASC, “Biləsuvar Aqro”, “Qarabağ Taxıl” və “Bakı Sığorta” şirkətlərinin əsas səhmdarıdır.

“Bank Respublika”da baş verən son dəyişikliklərlə bağlı Natiq Quliyev suallarımızı aşağıdakı kimi, tam səmimiyyəti ilə cavablandırıb:  

- Natiq müəllim, sirr deyil ki, devalvasiyalardan sonra bir çox banklar “yaralanıb”. İndi banklar yaralarını sarımaq üçün təcili tədbirlər görürlər. Bank Respublikada vəziyyət necədir və bankın yeni şərtlərlə ayaqlaşması üçün hansı tədbirlər görülür?

- Sözsüz ki, milli valyutanın devalvasiyası bank sektoru üçün ciddi sınaq oldu. Bir çox banklar sizin də qeyd etdiyiniz kimi, yaranmış durum nəticəsində böyük zərərə uğradı. Fikrimcə, bunun iki əsas səbəbi var. Birinci səbəb, ümumi kredit portfelində dollar kreditlərinin həcminin yüksək olması idi.

İkinci səbəb isə bir çox bankların menecmentinin vaxtında yeni şəraitə uyğunlaşa bilmədiyindən, adekvat idarəetmə usullarının tədbiqində və qərarların verilməsində səhvlərə yol verməsi olmuşdur. Təəssüf ki, həmin amillər “Bank Respublika”dan da yan keçmədi. Lakin “Bank Respublika”da problemlərin miqyası nisbətən aşağı olmuşdur. Nəticə etibarı ilə, hazırda bank güclü brend, aşağı həcmdə dollar portfeli, adekvat portfel keyfiyyəti və yüksək likvidliyi ilə seçilir. 

Yeni şərtlərlə ayaqlaşmaq üçün atılan əsas addım kimi, ilk öncə bankın idarəedici komandasının peşəkarlarla gücləndirilməsini vurğulamaq istəyirəm.

- Son iki ildə ikinci dəfədir bankınızın nizamnamə kapitalı artırılır. Ötən ilin sonlarına yaxın 20 milyon manatlıq kapital artımı, indi də yenidən 20 milyon manat artırılması nəzərdə tutulur. Bu nə ilə bağlıdır? Bankın zərəri kapitalı çox silir?

- Bildiyiniz kimi, səhmdar kapitalının artırılmasında başlıca məqsəd bankın inkişafına dəstək verməkdir. Əfsuslar olsun ki, hazırda bu qismən də olsa zərərin təsirini azaltmağa yönəldilib. Bu səbəbdən, keçən ilin sentyabr ayında nizamnamə kapitalının 20 mln. manat məbləğində artırılmasına qərar verdik. Bir neçə gün öncə isə səhmdarların ümumi yığıncağında nizamnamə kapitalının yenidən 20 mln. manat artırılması haqqında qərar yekdilliklə qəbul edildi. 

İqtisadiyyatda cənab Prezident tərəfindən başlanan və uğurla həyata keçirilən islahatlar bank sektorunda da yeni imkanlar yaradır. Qeyri-nağd əməliyyatların stimullaşdırılması, gömrük və vergi siyasətinin yenilənməsi, həmçinin dövlət tərəfindən maliyyə sektorunda aparılan önəmli islahatların müsbət təsiri artıq hiss olunur. Məhz bu islahatlara arxalanaraq, biz bankın uzunmüddətli inkişaf strategiyasında səhmdar kapitalının 2018-ci ilin sonunadək 100 mln. manatadək çatdırılmasını planlaşdırırıq.

- 15 iyul 2016-cı il tarixində Bank Respublika ASC-nin səhmdarlarının keçirilmiş ümumi yığıncağında da nizamnamə kapitalının 20 milyon manat artırılmasına qərar verilmiş və bankın nizamnamə kapitalı artırılaraq  57,5 milyon manata çatdırılmışdı. Həmin artım mövcud səhmdarların hesabına həyata keçirilmiş və səhmdarların pay bölgüsü necə dəyişmişdi?

- Tamamilə, doğrudur. Son emissiya nəticəsində bankın nizamnamə kapitalı 57,5 milyon manata çatdırılmışdır. Həmin artım yalnız mövcud səhmdarlar arasında keçirilib. Nəticədə bankın nizamnamə kapitalinda mənim payım 46%-ə catdırılmışdır, ümumilikdə Quliyevlər ailəsinin payı isə 84% təşkil etmişdir.

- 28 mart 2017-ci il tarixində keçirilmiş yığıncaqda da səhmdarlar kapitalın yenidən 20 milyon manat artırılmasına qərar veriblər. Nizamnamə kapitalının mövcud səhmdarların vəsaitləri hesabına artırılması nəzərdə tutulur, yoxsa yeni səhmdar cəlb oluna bilər?

- Bir daha vurğulamaq istərdim ki, artım yalnız mövcud səhmdarlar tərəfindən nəzərdə tutulur. Biz bu artımı qısa müddətdə həyata keçirməyə planlaşdırırıq. Nəticədə nizamnamə kapitalının məbləği 77 milyona çatdırılacaq. Yeni səhmdarların cəlb olunması mövzusu gündəmdə deyil.

- Sonuncu kapital artırımı qərarı səhmdarlar arasında necə bölünüb? Yəni, kim nə qədər pul qoyacaq və paylar necə dəyişəcək?

- Qeyd etdiyim kimi, artımın səhmdarlar tərəfindən mövcud paylarına uyğun həyata keçirilməsi planlaşdırılır. Əlavə olaraq, artımdan sonra nizamnamə kapitalının 5% hissəsi Müşahidə Şurasının yeni sədri qismində banka cəlb olunan Şakir Rəhimova təqdim olunacaq. Belə bir beynəlxalq təcrübənin bizim bankda tətbiqi, idarəetmədə iştirak edən şəxslərin bankın uzunmüddətli hədəflərində maraqlı olmasını təmin etmək məqsədini daşıyır. Mən, belə bir innovativ yanaşma vasitəsilə bank sistemində peşəkarların idarəetməyə cəlb olunmasını Azərbaycanda ilk dəfə tətbiq etməkdən məmnunluq hissi duyuram.

- Belə bir söz-söhbət də gəzir ki, tanınmış azərbaycanlı milyarder Fərhad Əhmədov Bank Respublikanın səhmdarı olur. Bu məlumat doğrudur? Yox, əgər məlumat şayiədirsə, Fərhad Əhmədov və Bank Respublikanın adının bir yerdə çəkilməsi nədən qaynaqlanır?

- Mən, Fərhad Əhmədovu tanıyıram və onun kimi uğurlu iş adamını partnyor qismində görməkdən şad olardım. Lakin düşünmürəm ki, belə bir iş birliyi onun maraqları ilə uyğun gələr.

- Bank Respublikada diqqəti çəkən proseslərdən biri də rəhbərliyin dəyişməsidir. Bu ilin yanvar ayında İdarə Heyətinin sədri dəyişib. Müşahidə Şurasının üzvü Asəf Namazov Bankın İdarə Heyətinə sədr təyin olundu. İdarə Heyəti bankı birbaşa idarə edir, onun dəyişməsi başa düşüləndir. Müşahidə Şurasının sədrinin dəyişməsi isə başqa mənalar da daşıya bilər. Bu dəyişiklik bankın sahibinin dəyişməsinə də işarə ola bilər. Bu gün yaydığınız məlumata görə, “Bank Respublika” ASC-nin Müşahidə Şurasının sədri Elçin Quliyevi Şakir Rəhimov əvəz edib. Nə üçün ən böyük səhmdarın nümayəndəsi bankda bir nömrəli vəzifədən kənarlaşır?

- İlk növbədə, bildirmək istərdim ki, 30 noyabr 2016-cı il tarixdən etibarən Müşahidə Şurasının sədri vəzifəsini mən icra edirdim. Bankımızda digər bankların təcrübəsindən yararlanmaq məqsədilə, mən Azərbaycanda ən qabaqcıl bankirlərdən biri olan Şakir Rəhimovu Müşahidə Şurasına dəvət etmişəm. O, strateji planlaşdırma və idarəçilikdə geniş bilik və təcrübəyə malik olan peşəkardır. Şakirlə 2014-cü ildən tanışam və elə həmin dövrdən onu banka cəlb etmək barəsində düşünmüşəm. Maliyyə bazarında baş verən hadisələr, “Bank Respublika”da yeni bilik və təcrübənin tətbiqinə zərurəti artırmaqla mənim qərarıma təkan oldu. O, “Warwick Business School”da Biznes administrasiyası üzrə magistr dərəcəsi alıb və hal-hazırda Standford Universitetində təhsilini davam etdirir.

Asəf Namazova haqqında bildirmək istərdim ki, mən onu uğurlu və peşəkar bir menecer kimi tanıyıram. O, uzun müddətdir ki, bankda, həmçinin mənim digər şirkətlərimdə rəhbər vəzifələrdə çalışıb, yüksək idarəçilik və liderlik qabiliyyətlərini nümayiş etdirib. Məhz bu səbəbdən Asəf Namazovun bankın İH-nin sədri vəzifəsində təyin olunması təklifini irəli sürmüşəm.

Hesab edirəm ki, bu iki təyinatla biz bankın gələcək inkişafının təməlini qurub, ona təkan vermiş olduq.

- Yəqin, siz də eşitmisiniz, cəmiyyətdə “Bank Respublika”nın Mərkəzi Bankın sədri Elman Rüstəmova məxsus olduğu barədə müxtəlif şayiələr gəzir. Halbuki onun adı bankın səhmdarları sırasında yoxdur. Belə bir məlumat haradan ortaya çıxıb? Siz bu söz-söhbətlərə əsaslı faktlar ilə nə vaxt son qoymağı düşünürsünüz?

- Məni sevindirir ki, “Bank Respublika” o qədər cəlbedicidir ki, onun adını belə tanınmış şəxslərlə əlaqələndirirlər.

Elman Rüstəmov mənim çox hörmət etdiyim şəxs və peşəkar dövlət xadimlərindən biridir. Elman müəllimlə, hər bir bank səhmdarı kimi, uzun illər ərzində çox səmimi münasibətlərimiz yaranıb. Lakin “Bank Respublika”nın sahibi kimi, bir daha qeyd etmək istərdim ki, bank yalnız rəsmi hesabatlarda qeyd olunan səhmdarlara məxsusdur. Bu hesabatlardan göründüyü kimi, mənim əsas tərəfdaşlarım Almaniyanın iki tanınmış maliyyə institutudur. Bunlardan biri KfW (Almaniyanın Dövlət Bankı) bank qrupunun üzvü DEG investisiya şirkəti, digəri isə “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü “Sparkassen International Development Trust”.

- Kapitalın artırılması “Bank Respublika”nın bazarda qalmaqda israrlı olduğuna bir işarədir. Bankın saxlanılması üçün daha hansı planlar mövcudur?

- Seymur müəllim, “Bank Respublika”nın məqsədi bazarda qalmaq deyil, bazarın liderlərindən biri olmaqdır.

Yuxarıda qeyd etdiyim islahatlara əlavə olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən bank sektorunda həyata keçirilən sağlamlaşdırma tədbirləri də ümumən maliyyə sektorunun dayanaqlı inkişafına xidmət edir. Bütün bunlar bank sahəsində biznesin aparılmasını daha da cəlbedici etmişdir.  

Bunlara əsaslanaraq, bankımız hal-hazırda yeni strategiya üzərində çalışır və bu layihə çərçivəsində beynəlxalq təcrübədən yararlanmaq üçün tanınmış maliyyə qurumunu cəlb etmişik.

Bu barədə daha ətraflı məlumat almaq üçün suallarınızı birbaşa bu strategiyanın hazırlamnasına və icrasına cavabdeh olan şəxslərə, yəni Müşahidə Şurasının sədri Şakir Rəhimova və İdarə Heyətinin sədri Asəf Namazova ünvanlaya bilərsiniz. 

Sizə işinizdə uğurlar arzulayıram.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri