31 
Okt
2018
17:51
56
58
2932
Virtual karabakh

Azərbaycan “Doing Business”də 32 pillə irəlilədi - HESABAT

31 Okt, 2018
17:51
2932

Azərbaycan “Doing Business”də 32 pillə irəlilədi - HESABAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünya Bankı (DB) Qrupunun açıqladığı “Doing Business-2019” hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan ötən illə müqayisədə reytinqdə 32 pillə yüksəlib. 

Dünya Bankı Qrupunun bu gün işıq üzü görmüş “Doing Business 2019: Training for Reform” adlı hesabatında deyilir ki, Avropa və Mərkəzi Asiya regionunun ölkələri yerli kiçik və orta müəssisələrin işgüzar fəaliyyəti həyata keçirmə imkanlarını yaxşılaşdırmaq üçün islahatların tempini sürətləndiriblər.

Ötən il ərzində regionda biznes mühiti ilə bağlı ümumilikdə 54 islahat həyata keçirilib. Bir il əvvəlki hesabata 43 islahat daxil edilmişdi. Regiona daxil olan 23 ölkənin demək olar ki, hamısında iş yerləri yaratmağa və özəl müəssisələri stimullaşdırmağa kömək edən islahatlar aparılıb. 

Regiona “Doing Business” reytinqində ən yüksək mövqe tutan 10 ölkədən ikisi daxildir. Gürcüstan mövqeyini 6-cı yerədək yaxşılaşdırmışdır, Makedoniya isə 10-cu yerdə qərar tutur. Öz göstəricilərini ən çox yaxşılaşdıran ölkələrdən ikisi də bu regiondandır – Azərbaycan və Türkiyə. 

“Avropa və Mərkəzi Asiya ölkələri bir daha islahat gündəliyinə sadiqliklərini nümayiş etdirmişlər. Məqsəd özəl sektorun inkişafına təkan verilməsi, iqtisadi artım və çiçəklənməni təmin etməkdir”, - “Doing Business” bölməsinin proqram meneceri Santiago Croci Downes demişdir.

Öz mövqeyini 25-ci yerədək yaxşılaşdırmış Azərbaycan rekord sayda, 8 islahat həyata keçirib. Bu, bütün ölkələr arasında ən yüksək göstəricidir. Azərbaycanda elektrik şəbəkəsinə qoşulma daha asanlaşmış və ucuzlaşmışdır.

Müəssisənin şəbəkəyə qoşulması üçün tələb olunan müddət 56 gündən 41 günə düşmüşdür. Eyni zamanda şəbəkə infrastrukturuna investisiyalar həyata keçirilmiş və milli enerji tənzimləyicisi yaradılmışdır.

Tikinti icazələrinin alınması asanlaşdırılmışdır. Səhmdarların hüquqlarının və ciddi korporativ qərarların qəbulunda rolunun gücləndirilməsi, sahiblik və nəzarət strukturlarının aydınlaşdırılması və daha böyük korporativ şəffaflığın tələb edilməsi ilə minoritar səhmdarların hüquqları gücləndirilmişdir. 

Tarixində ilk dəfə ən böyük islahatçı olan Türkiyə 7 islahat həyata keçirərək qlobal reytinqdə 43-cü mövqeyə yüksəlib.

Minimum ödənilmiş kapital tələbinin ləğv edilməsi ilə Türkiyədə biznesə başlamaq asanlaşdırılıb. Digər təkmilləşdirmələrə sənədlərin elektron emalı, vergilərlə bağlı ödənişlər üzrə daha çox məlumatın təmin edilməsi və kreditlərə çıxışın yaxşılaşdırılması daxildir.

Lakin əmlakın başqasına ötürülməsi xərclərinin artması Türkiyədə əmlakın qeydiyyatını çətinləşib. 

Dörd islahat həyata keçirən Rusiya 31-ci yerə qalxıb. Rusiyada islahatlara Moskva və Sankt-Peterburqda vergilərin ödənilməsi xərclərinin azaldılması daxildir.

Rusiya online gömrük rəsmiləşdiilməsini prioritetləşdirmək avtomatik emal üçün tələb olunan müddətin azaldılması ilə beynəlxalq ticarəti asanlaşdırmışdır. Bundan başqa Rusiyada anbar tikintisi üçün lazım olan bütün icazələrin alınma müddəti 13 gün qısaldılıb. 

Gürcüstanda 3 islahat aparılıb. Yeni biznesə başlamaq və müqavilələrin hüquqi tətbiqi asanlaşdırılıb. Lakin əlavə dəyər vergisinin ödənilməsi daha da çətinləşib. 

Ümumilikdə regionun ölkələri diqqətlərini daha çox beynəlxalq ticarət və vergilərin ödənilməsinə yönəldiblər. Bu sahələrdə son il ərzində müvafiq olaraq  9 və 8 islahat həyata keçirilib. Əmlakın qeydiyyatı və minoritar səhmdarların qorunması sahəsində region ölkələri ən yaxşı göstəricilərə malikdirlər.

Orta hesabla, əmlakın başqasına ötürülməsi üçün zəruri olan bütün prosedurların yerinə yetirilməsinə 20 gün tələb olunur, xərclər isə əmlakın dəyərinin 2,6 faizini təşkil edir. İnkişaf etmiş İƏİT ölkələrində bu göstərici 4,2 faizidir. 

Amma elektrik şəbəkəsinə qoşulma sahəsində regionun göstəriciləri aşağı olar qalır. Müəssisənin elektrik şəbəkəsinə qoşulması orta hesabla adambaşına gəlirin 325 faizini təşkil edir. İƏİT ölkələrində bu göstərici 64 faizdir. 

Hesabatın tam mətni ilə buradan tanış olmaq olar: www.doingbusiness.org

İlhamə Abdullayeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri