Vergi Məcəlləsi 2019-cu ildən köklü surətdə dəyişir.
Oxu.Az xəbər verir ki, əsas dəyişikliklərlə bağlı Vergilər Nazirliyinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev məlumat verib.
Onun sözlərinə görə, 2019-cu ildən sadələşdirilmiş vergi vahid bir rəqəmlə - iki faizlə ifadə olunacaq. Bundan başqa, sahibkarlara gəlir və mənfəətdən 75 vergi güzəşti tətbiq ediləcək.
Ə.Quliyevin sözlərinə görə, dəyişikliklərlə gələn ildən sahibkarların bank hesabından vəsaitin silinməsi ilə bağlı məsələlər də tənzimlənib. Yəni, vergi orqanı sahibkara qarşı sanksiya tətbiq edirsə, indiyə qədər dərhal sahibkarın bank hesabından həmin vəsait silinirdi. Sonradan məhkəmə çəkişməsi zamanı vergi ödəyicisi haqlı sayılsa da, həmin vəsaitin geri qaytarılması müəyyən vaxt tələb edirdi. Gələn ildən isə:
“Vergi ödəyicisi vergi orqanından şikayətçi olduğu zaman onun bank hesabından vəsaitin silinməsi dayandırılacaq. Bank hesabından pulun silinməsi yalnız məhkəmənin qərarı ilə həyata keçiriləcək”.
O qeyd edib ki, mühasibat uçotunu elektron formada aparanlar da bəzi güzəştlər alacaq:
“Məsələn, maliyyə sanksiyası 50 faiz olduğu halda, mühasibat uçotunu elektron aparanlara 25% şamil ediləcək. Ümumiyyətlə, sahibkar nağdsız dövriyyəni artdıqca onun vergi yükü azalacaq”.
İlhamə Abdullayeva