Vergi Məcəlləsinə edilən dəyişikliklərdə neft-qaz sahəsində və dövlət sektorunda çalışan işçilərə münasibətdə əməkhaqqından gəlir vergisinin hesablanma qaydasında güzəştlər nəzərdə tutulur.
Oxu.Az xəbər verir ki, son dəyişikliklərə qədər neft-qaz sahəsində və dövlət sektorunda çalışan fiziki şəxsin əməkhaqqı 2.500 manatadək olduqda hesablanmış məbləğdən 173 manat (2018-ci il üçün yaşayış minimumu) çıxılmaqla, 14 faiz dərəcə ilə gəlir vergisi hesablanırdısa, dəyişikliklərdən sonra bu məbləğ 200 manata qaldırılıb.
Əməkhaqqının məbləği 2.500 manatadək olduqda aylıq 200 manatdan yuxarı hissəsindən 14 faiz, 2.500 manatdan yuxarı olduqda isə 25 faiz dərəcə ilə vergi tutulur.
Beləliklə, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə həm neft-qaz sahələrində, həm də dövlət müəssisələrində çalışan işçilər, o cümlədən, dövlət qulluqçuları üçün də stimullaşdırıcı müddəalar nəzərdə tutulub.
MİSAL:
Məcəllənin 101.1 və 102.1.6-cı maddələrinə əsasən, hazırda 570 manat əməkhaqqı alan dövlət qulluqçusunun əməkhaqqından gəlir vergisi bu cür hesablanır:
570 - 200 = 370 x 14% = 51,8 manat.
Vergi Məcəlləsinin 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan işçilərin əməkhaqqından gəlir vergisinin tutulmasında ciddi güzəştlər müəyyənləşdirilib. Bu güzəştlər həmin sektorlarda muzdlu işçi kimi fəaliyyət göstərən təxminən 500 mindən artıq insanın gəlir vergisindən azad edilməsinə şərait yaradır.
Xatırladaq ki, Azərbaycanda sadə vətəndaşların böyük əksəriyyəti yalnız gəlir vergisinin ödəyicisidir.
Məcəllədəki dəyişikliklərə əsasən, 2019-cu il yanvarın 1-dən qeyri-neft və qeyri-dövlət sektorlarında çalışan və aylıq əməkhaqqı 8.000 manata qədər olan işçilər yeddi il müddətinə gəlir vergisindən azad edilir.
Həmin sektorlarda çalışan və 8.000 manatdan artıq əməkhaqqı alan işçilər isə həmin məbləğdən çox hissədən 14 faizlə gəlir vergisi ödəyirlər.