Qaradağ rayonu ərazisində yerləşən, Qafqazda yeganə olan SOCAR-ın Metanol zavodu ölkədə qaz-kimya sahəsində çalışan ilk istehsal obyektidir. İllik istehsal gücü 561 min ton təşkil edir.
Zavodda təmizlik dərəcəsi 99,99 faiz olan “A” marka texniki metanol istehsal olunur və beynəlxalq normalara əsasən təmiz metanol məhsulu hesab olunur.
Metanolun keyfiyyəti zavodun AZS İSO/İES-17025:2020 standartının tələblərinə uyğun Akkreditə olunmuş Mərkəzi laboratoriyası və beynəlxalq keyfiyyət təftiş şirkəti tərəfindən mütəmadi olaraq yoxlamadan keçirilir.
Eyni zamanda 2022-ci ildə Metanol zavodunda “ISO 9001:2015 Keyfiyyət idarəetmə sistemi”, “ISO 14001:2015 Ekologiya idarəetmə sistemi”, “ISO 45001:2018 Sağlamlığın mühafizəsi və əməyin təhlükəsizliyi idarəetmə sistemi” və “ISO 50001:2018 Enerji idarəetmə sistemi” beynəlxalq standartları tətbiq olunub.
Məhsul beynəlxalq REACH sertifikatına malikdir ki, bu da Avropa bazarlarında məhsulun davamlı və dayanıqlı satış dinamikasını təmin edir.
İstehsal olunan metanolun satışı SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən həyata keçirilir. Ümumi satışın 97 faizdən çoxu ixraca yönəldilir və 2021-ci ildə bu göstərici 98,8 faiz olub.
Metanolun istehsalı üçün əsas xammal olan təbii qazın təchizatı SOCAR-ın “Azəriqaz” İB tərəfindən həyata keçirilir.
Zavodun yerləşmə mövqeyi istehsal olunan məhsulun səmərəli şəkildə xarici bazarlara daşınmasında əhəmiyyətli rol oynayır. İxraca göndərilən məhsul “Azərbaycan Dəmir Yolları” QSC-nin Qaradağ stansiyasından Gürcüstan Dəmir Yolu İdarəsinin Parto-Tskali stansiyasına, oradan isə Gürcüstanda yerləşən Kulevi dəniz limanına göndərilir.
Daşınma zavoda məxsus olan 252 ədəd çənli vaqonlar vasitəsilə aparılır. Öhdəliklərin vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi üçün zavodun ərazisində hazır məhsulun saxlanılması üçün ümumi tutumu 48 min ton olan 2 ədəd rezervuar mövcuddur.
Metanol (metil spirti) - CH3OH formulu ilə göstərilən, saf, su ilə hər nisbətdə qarışa bilən, rəngsiz, tez buxarlanan, etil spirtinin iyinə oxşar iyə malik tez alışan mayedir. Kimya sənayesinin bir çox sahələrində ən çox tələb olunan xammal hesab olunur.
Metanoldan neftin və qazın hasilatı, hazırlanması, nəqli proseslərində qazma quyularında, boru kəmərlərində və yeraltı qaz anbarlarında kristallhidratların yaranmasının qarşısının alınmasında (inqibitor), həmçinin formaldehid, sirkə turşuları, plastik materiallar, sintetik liflər, məişət boyaları, yapışqanlar və s. məhsulların istehsalında istifadə olunur.
Bunlardan başqa metanoldan benzinlərə yüksək oktanlı əlavələr, həmçinin daxili yanma mühərrikləri üçün yanacaq kimi istifadə etmək mümkündür.
2021-ci ildə zavodda məhsul istehsalı 378,1 min ton olub. 2021-ci ilin yanvar-aprel aylarında zavod əsaslı təmir işləri ilə əlaqədar fəaliyyət göstərmədiyindən məhsul istehsalı 2020-ci ilə nisbətən 97,9 min ton az olub. 2022-ci ilin I rübündə isə məhsul istehsalı 147,03 min ton olub.
2021-ci ilin əvvəlindən zavod təmir üçün dayandırılıb və dörd ay müddətində əsaslı təmir işləri aparılıb. Təmir işləri uğurla başa çatdırıldıqdan sonra 2021-ci ilin aprel ayında zavod işə qoşulub.
Sınaq işləri aparıldıqdan sonra 2 may 2021-ci il tarixindən zavodda məhsul istehsalına başlanılıb. Nəticə etibarilə qurğunun istehsal gücünün günə 1 700 tona çatdırılması mümkün olub ki, bu isə 100 faiz məhsuldarlıq deməkdir.
2021-ci ildə zavodda istehsal edilən məhsulun 361,9 min tonu ixrac edilib. 2022-ci ilin I rübündə isə 115,83 min ton məhsul ixrac edilib.
Zavodda istehsal edilən məhsul Türkiyə (lider), Rumıniya, İtaliya, Sloveniya, Niderland Krallığı, Belçika, İsrail, Braziliya, Argentina, Ukrayna, Misir, Yunanıstan, Bolqarıstan, Çin, Qazaxıstan, İspaniya, Fransaya ixrac edilir.
Azərbaycanın artan potensialı istehsalın və ixracın genişləndirilməsinə, xarici ticarətin strukturunun şaxələndirilməsinə və ixracyönümlü qeyri-neft sektorunun inkişafına böyük imkanlar açır. Bu istiqamətdə Metanol zavodu da ölkənin ixrac potensialının təmin edilməsində və genişləndirilməsində mühüm rol oynayır.
2021-ci il üzrə Azərbaycan Respublikası Xarici Ticarətinin Göstəricilərində ixrac olunan məhsulların ümumi həcmində metanolun payı qeyri-neft sektoru üzrə 3,4 faiz, o cümlədən kimya sənayesi məhsulları üzrə 37,2 faiz təşkil edib.
Nigar Məmmədova
FOTO: Firudin Səlimov