Abşeronda direktor müavininin bıçaqlanması ilə nəticələnən hadisənin detalları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Elçin Balayevə nizam-intizam məsələlərinə görə bir neçə dəfə direktor müavini Orxan Ənvərli tərəfindən xəbərdarlıq edilib. Lakin xəbərdarlıqlara məhəl qoymayan E.Balayev bir müddət əvvəl direktor müavininin otağına gələrək əməkdaşların yanında onu təhqir edib. Bildirilir ki, təhqirlərə baxmayaraq direktor müavini onu işdən çıxarmayıb.
Bu gün səhər saatlarında isə Orxan Ənvərli maşından düşdüyü anda Elçin Balayevin hücumuna məruz qalıb. İkinci bıçaq zərbəsini vurmaq istəyərkən xəstəxananın mühafizəsi bunun qarşısını alıb.
Hazırda bıçaqlanan şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Abşeronda bıçaqlanan direktor müavininin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, hadisə oktyabrın 8-i səhər saatlarında qeydə alınıb.
Belə ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasında Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsində sürücü vəzifəsində çalışan əməkdaş direktorun inzibati işlər üzrə müavininə xəsarət yetirib:
"Hadisə zamanı xəsarət alan direktorun inzibati işlər üzrə müavininə dərhal zəruri tibbi yardım göstərilib. Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.
İnsidentlə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Qeyd edək ki, sürücünün əmək intizamı qaydalarını pozması halları müşahidə olunub, bu hallarla bağlı ona dəfələrlə şifahi xəbərdarlıq edilib".
Aygün Mirakif
Abşeronda bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.
Baş həkimin müavini işdən çıxarılan əməkdaş tərəfindən bıçaqlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elçin Balayev tutularaq, istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.