Ağdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Ağdaş Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 28-də saat 18:30-da bir nəfər (kişi) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"2003-cü il təvəllüdlü şəxsə sağ qaşüstü nahiyənin və başın təpə nahiyəsinin cırılmış, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Müalicəsi Reanimasiya şöbəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Maşad kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Yusif Məmmədovun idarə etdiyi VAZ-2115 markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb və yol kənarındakı hasara çırpılıb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Qəzanın başvermə səbəbləri araşdırılır.