Astarada dənizdə itkin düşən balıqçılarla bağlı yeni detallar məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə itən balıqçılardan birinin əmisi İctimai TV-yə açıqlama verib.
Onun sözlərinə görə, balıqçılar səhər saat 8-də evdən ayrılıblar:
"Daha sonra günorta saat 2-də əlaqə saxlasalar da, mühərrikin səsindən nə dediklərini eşidə bilmədik. Saat 4-də yanacaqlarının qurtarmasını ehtimal edərək arxalarınca qayıq göndərdik. Qayıq göndərildikdən sonra isə sahil mühafizə xidmətinə məlumat verdik. Bundan sonra mühafizə xidmətinə məxsus gəmilər buraya gələrək axtarışlara başlayıblar".
O qeyd edib ki, sözügedən ərazidə balıqçıların batma ehtimalı yoxdur:
"Burada ancaq yanacaq bitməsi və mühərrikdə nasazlıq olması ehtimalı var. Ola bilər ki, uşaqlar dərin sulardadır. Onları xilas etmək üçün bizə mütləq şəkildə helikopter lazımdır. Helikopter olmasa, onları xilas etmək olmaz. Hazırda sahil mühafizə xidmətimiz, Fövqəladə Hallar Nazirliyimizin (FHN) əməkdaşları axtarışları davam etdirirlər. Hər kəs bizim yanımızdadır, bizə dəstək olurlar. Biz Xarici İşlər Nazirliyindən də cavab gözləyirik, bəlkə də uşaqlar İrana gedib çıxıblar".
Astarada dənizdə itkin düşən balıqçılarla bağlı yeni detallar məlum olub.
Oxu.Az-ın məlumatına görə, Ağadədə Həsənov və Turan Həsənov dünən balıq tutmaq üçün Xəzər dənizinə çıxıblar. Sonra onlardan xəbər olmadığı üçün yaxınları müvafiq orqanlara məlumat veriblər.
Məlumata görə, A.Həsənov 5 gün əvvəl ata olub, T.Həsənov isə 20 gün öncə evlənib.
Əli Məmmədov
Astarada itkin düşən balıqçıların kimliyi məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, itkin düşən şəxslər 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovdur.
Aygün Mirakif
Astarada balıqçılar itkin düşüblər.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ötən gecə axşam saatlarında Astarada iki nəfər balıqçının dənizdə itkin düşməsi barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri cəlb olunublar.
Məlum olub ki, rayonun Şahağac kəndi ərazisində iki balıqçı dənizə çıxıb və geri qayıtmayıb.
Hazırda onların axtarışları davam etdirilir.