Paytaxtın Nəsimi rayonu ərazisində baş verən yanğın səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğın tam söndürülüb.
Oxu.Az xəbər verir ki, yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 2400kv.m olan elektronika və digər malların saxlanıldığı anbar 360 kv.m sahədə yanıb.
Anbarın böyük hissəsi yanğından mühafizə olunub, habelə yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.






Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində yerləşən anbarda baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Oxu.Az bildirir ki, bu barədə FHN-dən bildirilib.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
Paytaxtın Nizami küçəsindəki yanğın baş verən anbarın dam örtüyü - dəmir lövhə deformasiyaya uğrayıb.
Bu barədə Oxu.Az-ın hadisə yerində olan əməkdaşı xəbər verir.
FHN-dən isə bildirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir:
"Hazırda ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilməklə yanğın nəzarətə alınıb. Yanğının tam söndürülməsi əməliyyatı davam edir".






Bakının Nizami küçəsində başlayan yanğının söndürülməsi üçün hadisə yerinə 14 yanğın avtomobili, 61 nəfər şəxsi heyət cəlb edilib.
Oxu.Az-ın hadisə yerində olan əməkdaşı bildirir ki, yanğının söndürülməsinə FHN-in Xüsusi Riskli Xilasetmə Qüvvələri cəlb olunublar, yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Bakıda anbarda baş verən yanğın şiddətlənib və elektrik naqillərinə keçib.
Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə beş əsas, iki xüsusi yanğınsöndürən avtomobili cəlb olunub.
Yanğının baş verməsinə ilkin səbəb kimi qısaqapanma göstərilir.
Hələlik yanğın zamanı xəsarət alanlar barədə məlumat yoxdur. Yanğın baş verən əraziyə yaxın binadakı sakinlər təxliyə ediliblər.
Hadisə yerində FHN-in qərargahı yaradılıb.




Daha çox foto burada: PhotoStock.az
Aləmdə Nəsib
Bakının Nizami küçəsində anbarda yanğın başlaması səbəbi ilə iki istiqamətdə hərəkətə məhdudiyyət qoyulub.
Oxu.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, paytaxtın Nəsimi rayonu, Nizami küçəsində anbarlardan birində baş verən yanğın səbəbindən Kövkəb Səfərəliyeva küçəsindən Nizami və Yusif Səfərov küçələri istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
"Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkətini təmin etmək üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür", - məlumatda bildirilir.


Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda yanğın başlayıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
"Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək".
Aygün Mirakif