Bakı şəhəri, Nərimanov rayonunda VAZ-2107 avtomobili oğurlanıb.
Bu barədə Oxu.Az-a müraciət daxil olub.
Müraciətdə qeyd olunub ki, hadisə fevralın 4-də Nəcəf Nərimanov küçəsi, 3 ünvanındakı binanın qarşısında baş verib. Belə ki, avtomobil sahibi binadan aşağı düşərkən maşının yerində olmadığını görüb. Daha sonra cərimə bildirişini yoxlayan şəxs avtomobilin sürət həddini aşaraq 60 km/saatlıq yolda 70-75 km/saat sürətlə hərəkət etdiyini müəyyənləşdirib.
Faktla bağlı "102" xidmətinə məlumat verilib.
Şikayətçi qeyd edib ki, 99-VL-710 dövlət nömrə nişanlı maşının sahibi Mübariz Qasımovdur, avtomobil Mehriban Qasımovanın adına rəsmiləşdirilib:
"Avtomobilin salonunda şəxsiyyət vəsiqələri və bank kartları var idi. Avtomobil sonuncu dəfə DYP-nin Saray postu ərazisində görülüb. Hadisə ilə bağlı radara düşən görüntülər də mövcuddur. Görüntülərdə avtomobilin təcili tibbi yardım maşınına bənzər nəqliyyat vasitəsinin arxasınca yüksək sürətlə hərəkət etdiyi görünür.

Hazırda avtomobil axtarışdadır. Maşının sökülməsindən narahatam, onu əziyyətlə almışdıq".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, polisə vətəndaşın ona məxsus VAZ-2107 markalı avtomobilinin qaçırılması ilə bağlı müraciəti daxil olub:
"Müraciət əsasında Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsində araşdırma aparılır. Əməli törədən şəxsin müəyyən olunması və nəqliyyat vasitəsinin tapılaraq sahibinə geri qaytarılması istiqamətində tədbirlər görülür".
Məhərrəm Əliyev