Bakıda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar aparılır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib:
"Ayşən LTD" MMC-nin müvəqqəti istismarında olan 214 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus piyada səkisinə çıxaraq 214A nömrəli avtobusdan düşən sərnişini vurub. Hadisə ilə əlaqədar təəssüfləndiyimizi bildiririk və həyatını itirən şəxsin yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və sürücünün hərəkətlərində hüquqi məsuliyyət doğuran hallar araşdırmanın nəticələrinə əsasən müəyyən ediləcək.
Sözügedən marşrutda mütəmadi olaraq sərnişindaşıma norma və qaydalarının pozulması halları baş verdiyindən marşrut xətti müsabiqəyə çıxarılıb. Artıq AYNA tərəfindən keçirilən müsabiqə nəticəsində 214 və 214A nömrəli marşrutlar üzrə yeni daşıyıcı müəyyən edilib. Yaxın günlərdə yeni daşıyıcı xətlərin istismarını həyata keçirəcək".
Şükufə Süleymanlı
Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
"Faktla bağlı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri aparılır", - məlumatda qeyd olunub.
Şükufə Süleymanlı
Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi, Yeni Ramana yolunda qeydə alınıb.
Hadisənin videogörüntüləri sosial şəbəkədə bloqer Saleh Nəsirov tərəfindən paylaşılıb.
Belə ki, 214 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı, 10-TG-815 dövlət qeydiyyat nişanlı avtobus piyadanın üstündən keçib.
Hadisə nəticəsində 1951-ci il təvəllüdlü Bağda Sovin qızı aldığı ağır xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.