Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli, 26 ünvanında yerləşən binada baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən tam söndürülüb.
Oxu.Az bununla bağlı FHN-ə istinadən xəbər verir.
Yanğın nəticəsində binanın 1-ci mərtəbəsinin qeyri-yaşayış sahəsində fəaliyyət göstərən müxtəlif təyinatlı 11 obyektdən 3-nün yanar konstruksiyaları 120 kvadratmetr sahədə, eləcə də 2-ci mərtəbədə yerləşən vətəndaşa məxsus ümumi sahəsi 120 kvadratmetr olan üçotaqlı mənzilin döşəməsi yanıb. Binanın böyük hissəsi yanğından mühafizə edilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri FHN əməkdaşları tərəfindən təhlükəsiz əraziyə təxliyə ediliblər.
Bakıda tarixi binada yerləşən obyektdə baş verən yanğın zamanı 6 nəfər tüstüdən zəhərlənib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, bu gün saat 11:35-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb. Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 kişi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara dərhal zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Tüstüdən zəhərlənmə diaqnozu təyin edilən şəxslərin vəziyyəti stabil qiymətləndirilir və müalicələri Toksikologiya şöbəsində davam etdirilir.
4 nəfərə (1 qadın, 3 kişi) isə stresə qarşı və tüstüdən zəhərlənmə ilə əlaqədar yerində yardım olunub.
Yanğın üçmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində baş verib.
Oxu.Az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) yanğınsöndürmə qərargahının rəisi, polkovnik İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yanğın 120 kvadratmetr ərazini əhatə edib. Bina qədim tikili olduğundan əsasən taxta konstruksiyalardan ibarət olub.
İ.Nəsibov bildirib ki, yanğın zamanı binadan altı nəfər təxliyə edilib. Yaşlı sakinlərdən biri həkimə müraciət etsə də, onun həyatına təhlükə yoxdur.
Qərargah rəisinin sözlərinə görə, hadisə yerinə 12 texnika və 62 nəfər şəxsi heyət cəlb olunub, yanğın məhdudlaşdırılıb. Hadisənin başvermə səbəbi araşdırılır, nəticə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Bakının Səbail rayonu Nigar Rəfibəyli, 26 ünvanında baş verən yanğınla bağlı söndürmə işləri davam edir.
Oxu.Az xəbər verir ki, hadisə yerində yerləşən mağazaların sahibləri yanğının təsirindən qorumaq məqsədilə obyektlərdəki mallarını çıxarmağa başlayıblar.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin qüvvələri yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində işləri davam etdirirlər.
Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik:
Bakının Nigar Rəfibəyli küçəsində baş verən yanğının tarixi binada qeydə alındığı məlum olub.
Oxu.Az xəbər verir ki, hadisənin baş verdiyi bina Nigar Rəfibəyli küçəsi, 26A-26G ünvanında yerləşir.
Bina 1893-1899-cu illərdə inşa edilmiş, dövlət tərəfindən mühafizə olunan yerli əhəmiyyətli memarlıq abidəsidir.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası cəlb olunub, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin başvermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
İlkin ehtimala görə, yanğın binanın birinci mərtəbəsində yerləşən restorandan başlayıb.

Səbail rayonu, Nigar Rəfibəyli, 26 ünvanında baş verən yanğınla əlaqədar təhlükəsizlik tədbirləri görülüb.
Oxu.Az bununla bağlı FHN-ə istinadən xəbər verir.
Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə ediliblər.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli, 26 ünvanında yerləşən obyektdə yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Əlavə məlumat veriləcək.
Hadisə ilə bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.