"Hadisə bu gün səhər saat 7:40-da Nizami rayonu ərazisində, "Babək" körpüsünün üzərində baş verib".
Bu məlumatı Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli deyib.
"1996-cı il təvəllüdlü Allahverdi Məmməd oğlu Məmmədli manevr qaydalarını pozduğu üçün idarə etdiyi 77-TD-679 dövlət nömrə nişanlı "Chevrolet Aveo" minik avtomobilini yolun kənarındakı maneəyə çırpıb.
Hadisə nəticəsində sürücü həyatını itirib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə T.Nəsirli bildirib.
Əzizə İsmayılova
Bakının Xətai rayonu, Babək prospektində baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Oxu.Az xəbər verir ki, görüntüləri Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Bildirilib ki, qəzaya səbəb sürücünün manevr qaydalarını pozması olub.
"Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində qeydə alınan bu qəza manevr etmə qaydalarını pozmağın nə qədər təhlükəli olduğunu göstərdi. Sürücünün həyatını itirdiyi bu hadisədən başqa sürücülər nəticə çıxarmalıdırlar. Müşahidələr göstərir ki, sürücülərin bir qismi hərəkət zamanı düzgün manevr etmirlər və ya manevr edən zaman sadəcə işıq siqnallarını yandırmaqla, üstünlüyün onlarda olduğunu zənn edirlər. Təəssüflər olsun ki, bununla özləri və digər nəqliyyat vasitələri üçün qəza riski yaradırlar.
Nə etmək lazımdır?
Hər bir sürücü "Yol hərəkəti haqqında" Qanunun 42-ci maddəsinə nəzər salmalı, göstərilən qaydalara xüsusi diqqətlə yanaşmalıdır. Belə ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.
Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Eyni zamanda nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda qaydalara riayət etməyə və diqqətli olmağa çağırır".
Babək prospektində baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü ölüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Babək prospektində "Babək" körpüsü üzərində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Chevrolet Aveo" markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan 1996-cı il təvəllüdlü Allahverdi Məmməd oğlu Məmmədlinin meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi səbəbindən Mikayıl Əliyev küçəsi istiqamətində nəqliyyatın hərəkətində yaranan qısamüddətli məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Oxu.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Polis əməkdaşları tərəfindən nəqliyyatın hərəkətini bərpa etmək üçün zəruri tədbirlər görülüb.
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən Mikayıl Əliyev küçəsi istiqamətində nəqliyyatın hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib. Hazırda mərkəz istiqamətində sıxlıq yaranıb.
Polis əməkdaşları tərəfindən nəqliyyatın hərəkətini bərpa etmək üçün zəruri tədbirlər görülür.