Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 14:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu, B.Bünyadov küçəsindən çağırış daxil olub.
Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb edilib. Hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi) müştərək travma diaqnozu ilə Sabunçu Tibbi Mərkəzinə hospitalizasiya olunub.
Tibb müəssisəsində onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilən yaralıların vəziyyəti ağır-stabil qiymətləndirilir.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Bəşir Bünyatov küçəsində yol-nəqliyyat qəzasının baş verən və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" və "Range Rover" markalı minik avtomobillərinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü Şıxbala Əhmədovu və sərnişin Elsəvər Cabbarovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində baş verib. Küçədə hərəkətdə olan 90-SE-990 dövlət nömrə nişanlı "Range Rover" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan 44-CM-041 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub.
Hadisə yerinə DYP əməkdaşları cəlb ediliblər.
Məlumata görə, qəzaya yüksək sürət səbəb olub.
Faktla bağlı araşdırma aparılır.