Qaradağda yük maşınının aşması nəticəsində xəsarət alanlardan birinin vəziyyəti orta ağırdır
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən iki nəfər kişi müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Onlardan 1961-ci il təvəllüdlü şəxsə qaraciyər travması və qabırğaların çoxsaylı sınığı, 1984-cü il təvəllüdlü şəxsə isə səthi travma diaqnozu qoyulub.
Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. 1961-ci il təvəllüdlü şəxsin vəziyyəti orta ağır, 1984-cü il təvəllüdlü şəxsin vəziyyəti isə stabil qiymətləndirilir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Qaradağ qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes Atego" markalı yük avtomobilinin dəmir arakəsmələrə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və vətəndaşların deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan dörd nəfərin meyiti və bir nəfər sağ olaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bu gün saat 14:20-də Bakı-Qazax avtomobil yolunun 21-ci kilometrliyində "Mercedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nişanlı yük avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.
Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində üç nəfər ölüb, iki nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək yollarda diqqətli olmağa, sürət həddini və ara məsafəsini gözləməyə, nəqliyyat vasitəsini idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə çağırır. Səfərdən əvvəl avtomobilin texniki vəziyyətinin yoxlanılması, yorğun və yuxusuz halda sükan arxasına keçilməməsi vacibdir.
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax yolunun Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, xırdabuynuzlu heyvanları aparan yük maşını idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar.