60 nömrəli marşrut avtobusunun KIA markalı avtomobillə toqquşmasının səbəbi məlum olub.
Bu barədə Oxu.Az-a "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.

O bildirib ki, digər nəqliyyat vasitəsinin manevr etdiyi zaman dönmə işıq göstəricisindən istifadə etməməsi hadisənin baş verməsinə səbəb olub:
"Bu gün, saat 15:09-da "BakuBus" MMC-nin istismarında olan 60 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə kiçik yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata əsasən, digər nəqliyyat vasitəsinin manevr etdiyi zaman dönmə işıq göstəricisindən istifadə etməməsi nəticəsində "BakuBus"a məxsus avtobusla toqquşma baş verib.
Hadisə zamanı xəsarət alan olmayıb və bu barədə aidiyyəti qurumlara məlumat verilib".
Bakı şəhəri, Bakıxanov qəsəbəsində marşrut avtobusun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, 60 nömrəli marşrut üzrə işləyən avtobus qarşıda olan KIA markalı minik avtomobilinə, KIA isə "Hyundai" markalı yük maşınına çırpılıb.
Avtoqəza ilə bağlı aidiyyəti qurumlara sorğu göndərilib.
Sözügedən hadisənin görüntüsünü təqdim edirik:
Aygün Mirakif