"Bəzi xəbər saytlarında Bərdə rayonunda 4 nəfərin "qida zəhərlənməsi" ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb".
Oxu.Az xəbər verir ki, bu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatda bildirilib.
"Belə ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, həmin şəxslərə "Mədə-bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu" diaqnozu qoyulub. Xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşılaşdığı üçün evə buraxılıblar", - qurumdan qeyd edilib.
Bərdə rayonunda qidadan zəhərlənən bir ailənin dörd üzvünün vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
"07.12.2025-ci il tarixində saat 06:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 4 nəfər (2 qadın, 2 kişi) hospitalizasiya olunub.
Qusma, ürəkbulanma, dispepsiya, dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozları təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd edilib.
Şükufə Süleymanlı
Bərdə rayonunda bir ailənin dörd üzvü qidadan zəhərlənib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 7-də Xanərəb kəndində baş verib.
1968-ci il təvəllüdlü Vüqar Əliyev, həyat yoldaşı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
T.Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyəti qənaətbəxş olduğu bildirilir.