Beyləqan rayonunda orta məktəbdə kütləvi zəhərlənmə ilə bağlı detallar məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Eyvazallar kənd Fəxrəddin Quliyev adına tam orta məktəbin 7A sinfində baş verib.
Sinifdə texnologiya müəllimi dərs zamanı şagirdlərə fastfud hesab edilən hamburgerin hazırlanmasını öyrədirmiş. Həmin yeməyi şagirdlər yeyib və nəticədə 14 şagirdinin halı pisləşib. Məktəblilər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, zəhərlənmə hadisəsi yeməkdə istifadə edilən sosislər və ketçupdan olub.
Faktla bağlı araşdırma başlanıb.
Samir Əli
Beyləqan rayonunda zəhərlənən məktəblilərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, zəhərlənmə şübhəsi ilə 14 nəfər (7 qadın cinsli, 7 kişi cinsli) 09.10.2026-cı il tarixində saat 12 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Onlara ilkin tibbi xidmət göstərilib. Hazırda müayinələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir".
Aygün Mirakif
"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin texnologiya dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.